Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sophia Azərbaycana gəlir.
Onun 27 oktyabr tarixində Heydər Əliyev mərkəzində 20 dəqiqəlik çıxışı planlaşdırılır. Təşkilatçıların sözlərinə görə, Sophia çıxışını milli geyimdə edəcək.
“Tədbirdə Sophia ilə yanaşı 20 tanınmış, bir milyondan yuxarı izləyicisi olan informasiya texnologiyaları və menecment üzrə mütəxəsislər çıxış edəcək”, – FA İnternational Trade Events şirkətinin rəhbəri Nail Babayev BBC News Azərbaycancaya bildirib.
Sophia ingilis və rus dillərində danışa bilir və onun çıxışında sinxron tərcümə olacaq, cənab Babayev deyir.
Nail Babayev bildirir ki, hazırda Sophia-ya Azərbaycanca salamlaması üçün hazırlıqlar aparılır.
Sophia robotu dörd gün davam edəcək tədbirin yalnız birində çıxış edəcək.
Tədbirə qatılmaq üçün biletlərin qiyməti 68 manatla 2040 manat arasında dəyişir.
Robotun Bakıya gətirilməsində təşkilatçılardan biri olan KeepFace şirkətinin icraçı direktoru Vaqif Abbasov BBC News Azərbaycancaya deyib ki, “tədbir vaxtı yaxınlaşdıqca biletlərin qiyməti bahalaşır”.
“2040 manata olan VİP biletin sahibləri təşkilatçılar kimi bütün günlərdə və dörd gün ərzindəki tədbirlərdə iştirak edə bilərlər”,- Vaqif Abbasov belə deyib.
Tələbələr isə tələbə biletini göstərərək 35 manatlıq biletlərdən faydalana bilərlər.
Tədbir təşkilatçıları deyir, tamaşaçılara onunla şəkil çəkdirmək üçün imkan yaradılacaq.
Sophia ötən ilin noyabrında Səudiyyə Ərəbistanının Riyad şəhərində ictimaiyyətə təqdim olunub.
Sophia o qədər maraq doğurub ki, ona yüzlərlə insanın iştirak etdiyi tədbirdə dərhal Səudiyyə vətəndaşlığı verilib. Sophia jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.
Amerikanın Honkonqda mənzilənmiş Honson Robotics şirkəti tərəfindən hazırlanmış Sophia, auditoriyaya heç bir baş örtüsü olmadan, ingiliscə müraciət edib.