Ana səhifə Bloq Səhifə 8

Samsung, ekrana inteqrasiya olunmuş barmaq izi skanlı smartfonun patentini alır

Güman olunur ki, Samsung şirkətinin növbəti flaqman seriyası ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Bu, smartfon ekranının aşağı mərkəzi hissəsində toxunuşa həssas sensor yeri olacaq. Bununla paralel olaraq şirkət mühəndisləri sözügedən texnologiyanın növbəti versiyası üzərində çalışırlar. Viveo APEX adlı konspet flaqman smartfonunu blokdan çıxartmaq üçün istifadəçi öz barmağını smartfon ekranının aşağı hissəsindəki istənilən yerinə toxundura bilərdi. Lakin Samsung şirkəti daha da irəli getmək istəyir. Belə ki, şirkətin yeni patent sorğusunda smartfon ekranının bütün hissəsini əhatə edən barmaq izi skanı texnologiyasına sahib cihazdan söhbət gedir. Bu cür sistemin necə çalışacağı hələki tam məlum deyil. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkətin Çində keçirtdiyi təqdimatda smartfonların ön panellərinin tamamilə çərçivələrdən və çıxıntı hissələrindən azad edilməsinə qadir texnologiyalardan söhbət getmişdi. Şirkətin məlumatına əsasən yeni texnologiyalar vasitəsilə həmçinin ön kameraları da ekrana inteqrasiya etmək mümkündür.

“AzInTelecom” “Hackathon” keçirir

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackathon” (müsabiqə) təşkil edəcək. Müsabiqənin “Hackathon-AzIn 2018” adı altında 29-30 oktyabr tarixlərində Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilməsi nəzərdə tutulur.

Data Mərkəzi nəzdində müştərilərinə İnfrastruktur Tipli Həllər (İAAS) təklif edən “AzInTelecom” 2019-cu il əsas strateji hədəflərindən biri kimi Xidmət Tipli Həllərin (SAAS) şirkətin göstərdiyi xidmətlər siyahısına əlavə olunmasını nəzərdə tutur. Təşkil olunan “Hackathon” məhz bu tipli həllər yarada bilən istedadların axtarışına hədəflənib.

Üç mərhələdən ibarət olacaq yarışın birinci mərhələsi 29 oktyabrda “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.

“Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. İştirak etmək istəyənlər “hackathon.azintelecom.az” ünvanında qeydiyyatdan keçərək müsabiqəyə qoşulmaq üçün müraciət edə bilərlər.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.

Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriterilər nəzərə alınacaq.

Azərbaycanın dövlət saytları haker hücumlarına məruz qalıb

MuddyWater” haker qruplaşmasının fəaliyyətini izləyən “Kaspersky Lab” şirkətinin ekspertləri İordaniya, Türkiyə, Azərbaycan, Pakistan və Əfqanıstanın hökumət təşkilatları və digər qurumları olan yeni hücum seriyalarını qeydə alıblar. Sözügedən qruplaşma özləri barədə ilk dəfə 2017-ci ildə İraq və Səudiyyə Ərərbistanında xəbər veriblər. Zərərverici proqram təminatı fərdi fişinq vasitəsilə yayılır: kibercinayətkarlar istifadəçilərə “Office” sənədi göndərir və quraşdırılmış makrosları aktivləşdirməyi təklif edirlər. Hücumlar davam edir.

“MuddyWater” – 2017-ci ildə zərərverici kampaniya ilə peyda olan və məqsədləri İraq və Səudiyyə Ərərbistanının hökumət saytlarına hücum təşkil edən haker qruplaşmasıdır. Bu il “Kaspersky Lab”ın ekspertləri bir çox ölkəyə yönələn fişinq məktublarının arasıkəsilməz axınını müəyyən ediblər. Yeni zərərverici kampaniyanın pik nöqtəsi 2018-ci ilin may və iyun aylarına təsadüf edib, bununla belə, hücumlar hazırda da davam edir.

“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, fişinq məktublarının məzmunu güman etməyə imkan verir ki, cinayətkarların əsas hədəfi dövlət və hərbi strukturlar, həmçinin, telekommunikasiya şirkətləri və təhsil müəssisələridir. Elektron məktubların əlavəsində “MS Office 97-2003” faylı mövcuddur və istifadəçi makrosları qoşan kimi infeksiya aktivləşir.

“Kaspersky Lab”ın mütəxəssisləri yeni zərərverici kampaniyanın ilk mərhələlərinin təhlilini aparıblar və hücumlara məruz qalmış regionlarda şirkətlərə kömək etmək məqsədilə tədqiqatın nəticələrini dərc ediblər. Hazırda cinayətkarların arsenalı öyrənilir: “PowerShell”in skriptləri və alətləri, VBS, VBA, “Python” və C#, troyanlar (RATs – “Remote Access Trojans”).

İnfeksiya aktivləşən kimi zərərverici proqram təminatı quraşdırılmış siyahıdan təsadüfi URL-i seçərək özünün komanda serveri ilə əlaqə yaradır. Kibertəhlükəsizlik həllərinin olub-olmamasını skan etdikdən sonra zərərverici proqram istifadəçinin kompüterinə bir sıra ssenari yükləyir, daha sonra isə “backdoor”un əsas funksional imkanlarını işə salır.

Qanuni MS-fayllardan istifadə zərərverici proqram təminatına qara siyahılara düşməməyə imkan yaradır. Bundan başqa, “PowerShell” kodu gələcək hücumlar istifadəçi ilə heç bir qarşılıqlı əlaqə tələb etməsin deyə, “Macro Warnings” və “Protected View” funksiyalarını söndürür. Zərərverici proqram təminatının infrastrukturuna bir sıra etibardan düşmüş host daxildir.

Hücumların hədəfləri Türkiyə, İordaniya, Azərbaycan, İraq, Səudiyyə Ərəbistanı, Mali, Avstriya, Rusiya, İran və Bəhreyndə qeydə alınıb.

“MuddyWater”in zərərverici kampaniyasının arxasında kimin durduğu hələ dəqqiq məlum deyil, lakin hücum edənlərin geosiyasi motivlərə malik olması açıq aydındır.

Bu yaxınlardakı hücumlar zamanı istifadə olunan kod tədqiqatçıların fikrini yayındırmaq və onları aldatmaq məqsədini güdən bir sıra elementə malikdir. Kodda Çin dilinin və zərərverici proqram təminatında “Leo”, “PooPak”, “Vendetta” və “Turk” kimi adların istifadəsi nəzərdə tutulur.

“Son bir il ərzində ”MuddyWater” qruplaşmasının həyata keçirdiyi bir çox hücumun, həmçinin, üsullarının daim inkişaf etdirilməsini müşahidə etmişik. Növbəti zərərverici kampaniyanın arxasında kibertəhlküəsizlik məhsullarının hücum prosesinə müdaxiləsini minimuma endirmək üçün instrumentarilərini təkmilləşdirən fəal yaradıcılar dayanır. Bu, ondan xəbər verir ki, qısamüddətli perspektivdə analoji hücumlar təkrarlanacaq. Məhz buna görə biz ilk nəticələrimi paylaşmağı qərara aldıq – şirkətlərin müdafiə üçün lazımi tədbirlərin görülməsi üçün onların təhdidlər barədə məlumatlandırılmasını artırmaq. Biz cinayətkarların arsenalını təhlil edirik, gələcəkdə onun inkişafını, həmçinin, hücum edənlərin strategiyalarını və səhflərini diqqətlə izləyəcəyik”, — deyə “Kaspersky Lab”ın Təhdidlərin Araşdırılması və Təhlili Qlobal Mərkəzinin (GReAT) baş antivirus eksperti Amin Hasbini bildirib.

“MuddyWater” kimi qruplaşmaların hücumundan müdafiə olmaq üçün “Kaspersky Lab” şirkətlərə növbəti tədbirlərin həyata keçirməsini tövsiyə edir:

məqsədli hücumların aşkar olunması, qarşısının alınması və araşdırılmasına kompleksli yanaşın – kibertəhlükəsizliyi təmin etmək üçün qabaqcıl həllərdən yararlanın və əməkdaşları təlimlərə cəlb edin;
təhlükəsizlik xidmətinin əməkdaşlarına təhdidlərin son araşdırması ilə tanış edin: bu məlumatlar onlara hücumları aşkar etmək və qarşısını almaq üçün effektli alətlərdən istifadəsinə imkan verəcək;
düzəlişlərin idarə olunması proseslərinin korporativ səviyyədə yaxşı sazlanmasında əmin olun; sistemin bütün konfiqurasiyalarını iki dəfə yoxlayın və tövsiyələri tətbiq edib;
əməkdaşları şübhəli elektron məktubları müəyyənləşdirməyi və onlara reaksiya göstərməyi öyrədin.

“MuddyWater” zərərverici kampaniya haqqında ətraflı məlumat burada. http://technimum.com

 

Mənbə:http://technimum.com

319 milyon iCloud istifadəçisinin fərdi məlumatı təhlükədədir

Kərəm Albayraq Apple şirkətini təhdid edərək 150 min ABŞ dollar dəyərində bitkoin tələb edir, əks halda 319 milyon iCloud istifadəçisinin fərdi məlumatlarını internetdə satışa çıxarağının bildirib.

Vestministrin magistrat məhkəməsi iCloud istifadəçilərinin fərdi məlumatlarını satmaqla təhdid edən 21 yaşlı İT analitik Kərəm Albayraqın cinayət işinə baxmışdır.

İşin materiallarına əsasən Albayraq YouTube kanalında istifadəçiləin iCloud hesabının qırılması prosesini təqdimat edərək, Apple şirkətindən bitkoinlə 150 min ABŞ dolları və  iTunes xidmətinin 1,1 min ABŞ dolları miqdarında hədiyyə kartını tələb etmişdir. Əks halda proqramçı əldə etdiyi informasiyaları internetdə satacağı barədə xəbərdarlıq etmişdir. Bu barədə The Daily Mail xəbər verir.

Əvvəlcə Kərəm Albayraq 75 min ABŞ dolları tələb etsədə, sonradan fikrini dəyişərək alınacaq pulun miqdarını 150 min ABŞ dollarına kimi qaldırmışdır. Mətbuatın verdiyi xəbərə görə, məhkəmə proqramçıya şantaj və icazəsiz olaraq kompüterlərin işinə müdaxilə ittihamı irəli sürmüşdür.

Kərəm Albayraq noyabrın 14-nə planlaşdırılan ilkin dinləmələrə qədər zəmanətlə həbsdən azad edilib.

 

“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir

“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan firmanı satın alacaq. Bu haqda “Information” internet portalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, portalın məlumatına görə, “Facebook”un nümayəndələri bir sıra təhlükəsizlik firmalarına satınalma təklifi ilə müraciət ediblər. Hazırda bir neçə şirkətlə konsultasiyalar aparılır. Cari ilin sonunadək razılaşmanın imzalanacağı istisna deyil.

Şirkət sentyabrın sonunda sosial şəbəkəyə edilmiş haker hücumundan sonra təhlükəsizlik firması satın almağa dair qərar verib. “Təhlükəsizlik problemi” 30 milyon hesabı əhatə edib. Sözügedən boşluq artıq aradan qaldırılıb.

Emil Hüseynov

“Global İnfluencer Day”in proqramı açıqlanıb

“Keepface DMCC” və “FA International Trade Events”in təşkil etdikləri “Global İnfluencer Day” tədbirinə təşrif buyuranları maraqlı proqram gözləyir.

“Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq.

İlk olaraq, “Global İnfluencer Day”-in təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş 26 oktyabr saat 11:00-da Qafqaz City Hotel-də baş tutacaq.

“Global İnfluencer Day” marafonu isə oktyabr 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək.

Tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açacaq.

Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra Sofia suallara cavab verəcək.

10:35-də Keepface qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.

Saat 11:00-dan etibarən tədbir iki paralel panellərdə işini davam etdirəcək. Birinci paneldə İnfluenser Marketinqlə maraqlananlar Google təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, Forbes jurnalının 10 top sosial media influenser siyahısında yer alan, avstraliyalı Jeff Bullas, Olena Dobrenskaya (Vouge), Tuqra Şükürova (ADA) və Alper Çelenin çıxışlarını dinləmək imkanı əldə edəcəklər. Data marketinqlə maraqlananlar isə paralel keçirilən ikinci paneldə Booking.com-dan Villem İsburker, Ehsan Jahandarpour (Forbes Top 20 Growth Hacker), Aytul Ercil (Vispera), Aytəkin Əliyeva (Facebook) və Mövlan Paşayevin (PwC) təqdimatları ilə tanış olacaqlar.

Saat 14:00-dan etibarən “Global İnfluencer Day” iki yeni və paralel keçirilən panellə işini davam edəcək. 16:30-a qədər dinləyiciləri Səyahət İnfluenserləri paneli, Dəb İnfluenserləri paneli, Kulinariya İnfluenserləri paneli, Startap və İnvestorlar panellərində maraqlı çıxışlar gözləyir. Həsən Cabbarov (Paym.es), Ömer Gurkan (ETİB), Orxan İsayev (Dünya E-kommersiya Forumu), Aleks Sudadze iştirakçılara elektron kommersiya və blokçeyn barədə məlumatlandırandan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən Keepface 3.0 layihəsini təqdim edəcəklər, sonda isə Samir Nuriyevin moderatorluq edəcəyi Blokçeyn paneli baş tutacaq.

“Global İnfluencer Day”in həyəcanlı anlarından biri saat 17:00-da başlanacaq İnfluenserlərin Mükafatlandırma Mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

“Global İnfluencer Day” 28 oktyabrda ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.

Nəzərinizə çatdırmaq istəyirik ki, “Global İnfluencer Day”-in baş tutması baş sponsor Gilan Holding, bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru Azercell və digər sponsorlar Astrolabs, Vita1000, iTicket.az, Vitam, SOCAR AQS, “Zeytun Bağları”, Qafqaz Hotels and Resorts, pwc, Sat Group, Mars Academy, Roof Academy, Barattson, Paym.es, Prima.az ilə mümkün olub.

“Global İnfluencer Day” tədbirinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, İnnovasiya Həftəsi, AMCHAM, Azərbaycan Konqreslər Bürosu, ADA Universiteti, CAMCA və CELA şəbəkələri, Leo Burnet, Mediamark, Canvas, Times Consulting, Cinema Plus, Marklab, Adzone, Alibayov Kommunikasiya və Konsaltinq, Air Group, Oxus, Sereda Travel, Azex təşkilati dəstək göstərirlər.

Brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox) “TLS” (Transport Layer Security) şifrləmə protokolunun 1.0 və 1.1 versiyalarının dəstəklənməsini dayandıracaq. Bu barədə internet brauzerlərinin istehsalçıları olan “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətlərinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “TLS” protokolu “SSL” (Secure Socket Layer) kimi tanınan standartın əvəzlənməsi məqsədilə yaradılıb. Onlar brauzer və server arasında rabitə kanalı məlumatlarının ələ keçirilməsinin mühafizəsi üçün nəzərdə tutulub.

Məlumata görə, protokolun 1.0 və 1.1 versiyaları (onların birincisi təxminən 20 il əvvəl yaradılıb) artıq köhnəlib və onları avqustda internet üçün standartlar hazırlayan “IETF” təşkilatı tərəfindən təsdiqlənən 1.2 və 1.3 versiyaları əvəzləyib. 1.2 versiyasını dörd brauzer, ilkin variantda olan 1.3 versiyasını isə “Chrome” və “Firefox” dəstəkləyir. “Qualys” şirkətinin məlumatına görə, saytların əksər hissəsi də “TLS 1.2” versiyasını dəstəkləyir.

Nizam Nuriyev

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Azercell Telekom MMC interneti məktəblilər üçün təhlükəsiz etmək məqsədilə ölkə boyu şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlərini davam etdirir. 2018-2019-cu illərdə Bakı ilə yanaşı regionlarda da bu faydalı təşəbbüslə çıxış etməyi hədəfləyən şirkət bu dəfə 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində 5 saylı məktəbdə 123 şagird, 26 müəllim və 21 valideynin iştirakı ilə təlim təşkil edib.

Axar.az xəbər verir ki, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məlumatlar verilib. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Məlumat üçün bildirək ki, ötən ildən başlayaraq “Azercell”in təşkilatçılığı ilə Bakının bir çox məktəblərində yüzlərlə şagird müəllim və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirilir.

Qeyd edək ki, Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə” “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Nəzərinizə çatdıraq ki, 2017-ci ildə “Azercell”in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən də uğurlu fəaliyyət kimi dəyərləndirilərək, bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB məkanında liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global Competiviness Report 2018”) dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil “4.0”) əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.

Azərbaycan sözügedən hesabatın “Əlverişli mühit” (Enabling Environment) bölməsinin “İnstitutlar” (İnstitutions) göstəricisi üzrə 58-ci, İnfrastruktur (İnfrastructure) göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi (ICT adoption) göstəricisi üzrə 69-cu yerdədir.

Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi (ICT adoption) göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. “İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.

Azərbaycan hesabatın “İnnovativ Ekosistem” (İnnovation Ecosystem) bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdə qərarlaşıb.

“İnfrastruktur” göstəricisinin “Hava nəqliyyatında xidmətlərinin effektivliyi” (Efficiency of air transport services) alt-göstəricisi üzrə ölkəmiz 12-ci, “Qatar xidmətlərinin keyfiyyəti” (Efficiency of train services) üzrə 17-ci, “Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, “Yolların keyfiyyəti” (Quality of roads) üzrə 34-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan “İnfrastruktur” və “Biznesin dinamikliyi” alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.

Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər

Oktyabrın 26-30 tarixlərində keçiriləcək “İnnovasiyalar həftəsi”nin tədbirlərindən biri “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) dünyanın nəhəng şirkətlərindən nümayəndələr iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onların arasında, “Google”, “Forbes”, “Facebook”, “Vouge”, “Booking.com” kimi dünyanın nəhəng şirkətlərinin mütəxəssisləri də var.

“Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” da Azərbaycana gələcək”, – nazirliyin açıqlamasında deyilir.

- reklam -