Ana səhifə Bloq Səhifə 7

Avropa İttifaqı kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3,2milyon avro ayırmağı planlaşdırır.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir.

“Bu proqram “Şərq Tərəfdaşlığı” ölkələrində kibertəhdidlərə qarşı dayanıqlığın və cinayət-hüquqi tədbirlərin gücləndirilməsinə kömək edəcək və kibertəhlükəsizliyin və kiberhücumlara hazırlığın yüksəldilməsi üçün texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə tədbirlərə hesablanır”, – tenderdə bildirilib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən başladılıb. Onun əsas məqsədi 6 ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.

2019-cu il üzrə kibertəhdidlərlə bağlı proqnoz açıqlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı “Trend Micro” 2019-cu ildə kibertəhlükələrlə bağlı öz proqnozunu təqdim edib.

Şirkətin nümayəndələri hesab edirlər ki, elektron poçt vasitəsilə fişinq hücumu həm istehlakçılar, həm də biznes üçün ən geniş yayılmış təhdid olacaq. 2015-ci ildən “Trend Micro” şirkəti tərəfindən bloklanmış fişinq xarakterli URL ünvanların sayı 3800% artıb. Eyni zamanda həmin dövrdə  eksployt dəstlərinin aşkar edilməsi 98% azalıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, gələn il informasiya məkanında daha çox naməlum kibertəhdidlər ortaya çıxacaq, bu da kibertəhlükəsizlik məsələsinə çoxsəviyyəli yanaşma zərurətini gücləndirəcək.

Mütəxəssislər dövlət sektorunda aşağıdakıları gözləyirlər: saxta xəbərlərlə mübarizə müxtəlif seçkiqabağı kampaniyaların təzyiqi altında həyata keçiriləcək; tənzimləyici nəzarətin gücləndirilməsi; şəxsi həyat və “Əşyalar interneti”nin məxfiliyi diqqət mərkəzində olacaq.

İstehlak sahəsində sosial mühəndisliyin köməyi ilə həyata keçirilən hücumları eksploytlar əvəz edəcək. Çat-botlar təhlükə altında olacaq. Məşhurların hesabları “Watering Hole” tipli hücumlara məruz qalacaq. Bundan başqa, ələ keçirilmiş hesab məlumatlarının kütləvi istifadəsi davam edəcək.

Bulud infrastrukturunda bulud sisteminə miqrasiya zamanı təhlükəsizlik parametrlərinin yanlış tənzimlənməsi böyük həcmdə məlumat itkisinə səbəb olacaq. Bulud xidmətləri kriptovalyutanın mayninqi üçün istifadə ediləcək.

Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına görə üzr istəyib. Nasazlıq səbəbindən Böyük Britaniya, Yaponiya və başqa ölkələrdə milyonlarla abunəçi müəyyən vaxt ərzində mobil rabitə və mobil internetdən istifadə edə bilməyib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, LTE şəbəkələrinin işində yaşanmış problemlər Britaniyanın “O2” operatoru və Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyasında müşahidə edilib. Hər iki şirkət “Ericsson”un müştərisidir.

“Problem yaratmış nasaz proqram təminatı artıq istismardan çıxarılıb. Biz sifarişçilərimiz və onların müştərilərindən üzr istəyirik. Biz baş vermiş nasazlığın mənfi təsirini azaltmaq üçün və müştərilərin xidmətlərini mümkün qədər tez bərpa etmək üçün səy göstəririk” – “Ericsson”un baş direktoru Borye Ekholm deyib.

“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “AppleInsider” portalının məlumatına görə, istifadəçilərə “Apple” şirkətinin yeni texnikasını (məsələn, “iPhone XS” və ya “XR”) satın almaq təklif edilir. Qeyd edək ki, “App Store” proqramından “push” bildirişlər hətta bu proqramı öz smartfonuna quraşdırmayan istifadəçilərə də göndərilir.

Beləliklə, “Apple” öz qaydasını (“App Store” proqramlara istifadəçilərin icazəsi olmadan bildiriş göndərilməsini qadağan edir) pozur.

Bakıda bankın 100 müştərisinin kartından 85000 manat pul oğurlayan şəxs saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli, əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunan Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) masddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Android” istifadəçiləri zərərli proqramları 500 min dəfə yükləyiblər

Kompüter təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər “Google Play” internet mağazasında orijinal proqramlar kimi maskalanmış və istifadəçilər tərəfindən 500 min dəfə yüklənmiş 13 saxta oyun aşkar ediblər. Bu haqda “The Bleeping Computer” portalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, zərərli proqramlar “Luis O Pinto” adlı tərtibatçı tərəfindən yerləşdirilib. Quraşdırmadan sonra proqramlar ekrandan öz ikonlarını silir və fon rejimində proqramlaşdırılmış ünvandan başqa proqram yükləyirlər.

Zərərli proqram şəbəkəyə tam giriş, bütün şəbəkə qoşulmalarına baxış, həmçinin mobil qurğunu açdıqda avtomatik işə salma üçün icazə istəyir.

Sistemə quraşdırılmış antivirusu silən virus aşkar edilib

Təhlükəsizlik sahəsində ekspertlər qurğuları yoluxduran və sistemdə işləyən antivirusu silən troyan mayner aşkar ediblər. Bu haqda “Doktor Veb” şirkətinin bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Linux” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular yeni təhlükə ilə üzləşiblər. “Linux.BtcMine.174” adlı troyan işə salınan kimi, sistemi skan edir və serverdən digər zərərli modulları yükləyə biləcək qovluqları axtarır. Virus onların quraşdırılmasından sonra hakerlərə yoluxdurulmuş qurğuda əmrləri yerinə yetirməyə və “DDoS” hücumlar etməyə imkan verən “Linux.BackDoor.Gates.9” bekdorunun versiyalarından birini yükləyir.

Quraşdırmadan dərhal sonra troyan sistemdə başqa maynerləri axtarır və onları deaktiv edir. Bundan sonra zərərli proqram təminatı antivirus proqramlarını tapmağa çalışır: əgər antivirus aktivdirsə, virus onun bütün fayl və direktoriyalarını silir.

“Linux.BtcMine.174” bekdoru yuxarıda sadalanan əməliyyatların icrasından sonra “Monero” kriptovalyutasının əldə edilməsi üçün yaradılmış öz maynerini işə salır.

Hakerlər Elon Musk’ın adından istifadə edərək bitcoin oğurladılar

Hakerlər bir sıra xarici şirkətlərin Twitter hesablarını “hack” edərək müştərilərdən ümumi dəyəri 170.000$ olan bitcoin oğurlayıblar. Bu kiberhücumdan zərər çəkmiş şirkətlər arasında Pathe UK adlı film studiyası, Matalan adlı geyim mağazası şəbəkəsi və Pantheon Books adlı kitab nəşriyyat şirkəti var. Bu sadalanmış şirkətlərin Twitter səhifələri hackerlər tərəfindən Elon Musk-ın hesabına bənzədilib. Hətta səhifələrdə Elon Musk-ın paylaşdığı kontentlərdən də paylaşılıb ki, hər şey inandırıcı görünsün. Özlərini Elon Musk kimi təqdim etmiş hackerlər pulsuz bitcoinin verilməsi üzrə aksiyanın startına başladıqlarını elan ediblər. Pulsuz bitcoinləri əldə etmək üçün istifadəçilər hackerlər tərəfindən təqdim edilmiş xüsusi hesaba müəyyən mqdarda kriptovalyuta göndərməli idilər. Beləliklə ümumilikdə hackerlər istifadəçilərdən 170.000$ dəyərində bitcoin oğurlayıblar.

Kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

Tədbirdə tərəflər dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələlərini, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyini müzakirə ediblər.

Facebook 115 hesabı qapadıb

Facebook sosial şəbəkəsi 115 istifadəçinin hesabını qapatdığını bildirir. Belə ki, ABŞ hakimiyyəti şəbəkəyə xarici ölkəyə bağlı ola biləcək şübhəli fəaliyyət sarıdan xəbərdarlıq edib.

DAHA ÇOX DEZİNFORMASİYA YAYILIB

Şirkət bu addımı barədə noyabrın 5-də məlumat yayıb. Bundan bir neçə saat öncə isə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları 6 noyabr konqres seçkiləri öncəsi seçicilərə xəbərdarlıq səsləndirib. Onlara Rusiya, İran və digər ölkələrin sosial mediada saxta xəbərlər yaymaq cəhdlərindən dolayı ehtiyatlı olmaq tapşırılır.

“Amerikalılar bilməlidirlər ki, xarici oyunçular, özəlliklə Rusiya, ictimai fikrə təsir göstərməyə, narazılıq səpməyə çalışır”, – noyabrın 5-də yayılmış bəyanatda deyilir.

Ötən həftə açıqlanmış bir araşdırma üzə çıxarıb ki, 6 noyabr öncəsi sosial mediada daha çox dezinformasiya yayılıb, nəinki 2016-cı il prezident seçkisi ərəfəsində.

Facebook-un bildirməsinə görə, pozulan hesabların Rusiyaya, yaxud ötən seçkiyə müdaxilədə ittiham olunan İnternet Araşdırmaları Agentliyi adlı “troll fabriki”nə bağlı olmasını müəyyənləşdirməlidir.

ABŞ-da prokurorlar həmin agentliyi və Rusiyadan digər əməliyyatçıları 2016-cı ildə prezident seçkisinə təsir göstərmək cəhdində suçlayıb. Onların dezinformasiya, sosial şəbəkələrdə narazılıq yaydığı bildirilir.

İPUCU FTB-DƏN GƏLİB

Facebook bildirib ki, silinən hesablardan 85-i sosial şəbəkənin Instagram xidmətində ingiliscə paylaşımlar edib. Həmin hesablardan bəzilərinin “tanınmışlara”, digərlərinin “siyasi debata” fokuslandığı vurğulanır.

Facebook ipucunu noyabrın 4-də Federal Təhqiqat Bürosundan alıb. Bu haqda ötən gün yayılmış postda Facebook-un kibertəhlükəsizlik siyasəti üzrə başçısı Nathaniel Gleicher yazır.

Onun yazdığına görə, şirkət gördüyü tədbirlər barədə dərhal açıqlama vermək qərarına gəlib, “çünki ABŞ-da vacib seçkiyə cəmi bicə gün qalır”.

Noyabrın 6-da ABŞ-da keçirilən seçki Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.

Hazırda Facebok və digər sosial media şirkətləri ötən seçkidən fərqli olaraq xarici dezinformasiya cəhdlərinə daha çevik reaksiya verməyə çalışırlar.

Twitter noyabrın 3-də bildirib ki, dezinformasiya yaymağa çalışan “bir neçə hesabı” bağlayıb. Şirkət detalları açıqlamayıb.

- reklam -