Ana səhifə Bloq Səhifə 5

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiqlənib

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidləri qiymətləndirir, informasiya təhlükəsizliyinə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, təsirləri və vura biləcəyi zərər ilə bağlı mütəmadi təhlillər aparır, müvafiq sahədə təkliflər hazırlayır, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, birgə tədbirlər planlaşdırır və onların həyata keçirilməsini təmin edir, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiq olunması sahəsində əlaqələndirmə işlərini təşkil edir, milli potensialın genişləndirilməsi işlərinin koordinasiyasını təmin edir.

Komissiyanın əsas vəzifələri bunlardır:

1.informasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini təmin etmək;

2. informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması məqsədilə müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təşkil etmək;

3. ölkədə informasiya təhlükəsizliyinin təmin olunması və kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən qurumlar arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək, qarşılıqlı əməkdaşlığı genişləndirmək;

4. ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işi təşkili etmək;

5. internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyini təxirə salmadan müəyyən etmək və bu barədə müvafiq qurumları dərhal məlumatlandırmaq;

6. informasiyanı mühafizə vasitələri və sistemləri üçün dövlət standartlarının, texniki şərtlərin, normaların və başqa texniki normativ hüquqi aktların hazırlanması və tətbiqi işlərini əlaqələndirmək;

7. ölkədə informasiya təhlükəsizliyinin təminatı və bu sahədə müvafiq texnologiyaların tətbiqi məsələləri ilə bağlı daxil olmuş müraciətlərə, texniki şərtlərə, təkliflərə rəy vermək;

8. dövlət qurumlarının, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan proqram təminatının və antivirus proqramlarının yaradılması layihələrini əlaqələndirmək, onların təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil etmək, habelə açıq kodlu proqram təminatından istifadə imkanlarına baxmaq;

9. ölkədə kibercinayətkarlıqla mübarizə sahəsində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının daha geniş əməkdaşlığa cəlb olunmasını təşkil etmək;

10. informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində normativ hüquqi bazanın və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

11. informasiya təhlükəsizliyinin təminatı və kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericiliyin tələblərinin, eləcə də müvafiq beynəlxalq standartların dövlət qurumlarında, həmçinin ictimai əhəmiyyətli infrastrukturlarda tətbiq olunması vəziyyətini sorğular əsasında öyrənərək, mövcud uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;

12. informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində ölkədə mütəxəssis resursu üzrə ehtiyacları araşdırmaq və bu sahədə təşkilati potensialı qiymətləndirmək, elmi, texniki və kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq və müvafiq işləri əlaqələndirmək;

13. kibertəhlükəsizlik və kriptologiya sahəsində elmi-texniki işlərə, səmərələşdiricilik, ixtiraçılıq və layihə-konstruktor işlərinə həsr olunmuş mövzular barədə təkliflərə, müraciətlərə baxmaq və münasibət bildirmək, habelə milli potensialın gücləndirilməsi üçün əlavə təklif və təşəbbüsləri toplayaraq təhlil etmək;

14. informasiya təhlükəsizliyinin, kibercinayətkarlıqla mübarizənin təminatı və gücləndirilməsi məqsədilə beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi üçün təkliflər hazırlamaq, xarici ölkələrlə elmi-texniki əlaqələr yaratmaq, bu əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaq, beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi işlərini əlaqələndirmək;

15. internet informasiya məkanında Azərbaycan Respublikasının milli maraqları əleyhinə təbliğat və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı müvafiq əks-tədbirlərin görülməsi ilə bağlı işləri əlaqələndirmək;

16. dövlətin informasiya təhlükəsizliyinin qorunması məqsədilə kütləvi informasiya vasitələri ilə əlaqəli fəaliyyəti təşkil etmək.

“AzerTelecom” şirkətinin iştirakı ilə “Beynəlxalq Təhlükəsiz İnternet Günü” tədbiri keçirilib

Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında “Beynəlxalq Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbir ölkəmizdə internetin təqdimi və internet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, internet, onun yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər və s. kimi mövzularda faydalı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən “AzerTelecom” şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobalinternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər, Azərbaycanın internet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder “AzerTelecom” şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.

Hazırda qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü, Azərbaycanın MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu qeyd edən Samir Nuriyev internetin gələcəyi barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini, qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını, Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) internet haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə internetin bir ekologiya dostu olacağını bildirib.

Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası, simli və simsiz internet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini bölüşüblər.

Beynəlxlaq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day – SID”) hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan “AzerTelecom” 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru – Bakcell şirkətinin törəmə şirkətidir. “AzerTelecom” internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

“Bakcell” və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi “Bakcell” Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün Beynəlxalq “Təhlükəsiz İnternet günü” və “Fərdi məlumatların mühafizəsi günü” ilə bağlı təlimlər keçirib.

“İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlimlər Xəzər Universiteti, Dünya Məktəbi və Hədəf Liseyində təşkil edilib. Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimlər zamanı şagirdlərə və pedaqoji heyətə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə “Bakcell” və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib.

 

Qeyd edək ki, “Bakcell” bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.

“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internetsəhifəsinə əks olunur.

 

 

 

 

Yalnız hər beşinci İT mütəxəssisi kriptomayner hücumları haqqında məlumatlıdır

İnformasiya təhlükəsizliyi üzrə həllərin istehsalçısı “Check Point Software Technologies” şirkətinin araşdırmasına görə, yalnız hər beşinci İT mütəxəssisi korporativ kompüter sistemlərinə kriptomaynerlər tərəfindən müdaxilə haqqında məlumatlıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ildə kriptomaynerlər şirkətlərə fırıldaq xarakterli proqramlarla müqayisədə 10 dəfə daha çox zərər vurub.  Dünyadakı şirkətlərin 37%-i rəqəmli valyutaların mayninqi üçün nəzərdə tutulmuş virusların hücumuna məruz qalıb. Kriptovalyutanın dəyərinin 80% azalmasına baxmayaraq, təşkilatların 20%-i isə hər həftə belə hücumlara məruz qalır.

Biznes kriptomaynerlərlə bağlı təhlükə riskini lazımınca qiymətləndirmir: rəyi soruşulanların yalnız 16%-i kriptomayninqi təşkilatlar üçün ən böyük təhlükə adlandırıblar. Bu, DDoS (34%), məlumat itkisi (53%), fırıldaq xarakterli proqramlar (54%) və fişinq (66%) hücumlarla müqayisədə çox aşağı göstəricidir.

“Android” sistemli qurğularda kritik boşluq aşkar edilib

“Google”un texniki mütəxəssisləri tərəfindən “Android” əməliyyat sistemində aşkar edilmiş boşluq şəklə baxış proqramı üzərindən istənilən kodu icra etməyə imkan verir. Saytda dərc edilmiş təhlükəsizlik bülleteninə əsasən, bu problem sonuncu yeniləmədə aradan qaldırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, qurğuda zərərli proqramların uzaq məsafədən işə salınması üçün PNG formatlı fayllara baxış proqramı istifadə edilirdi. Məlumata görə, aşkar edilmiş boşluq “Android” sisteminin 7.0-dan (Nougat) son versiyası (Pie) daxil olmaqla bütün versiyaları üçün təhlükə mənbəyi idi.

Mütəxəssislər əmin edirlər ki, sözügedən boşluq hücumların həyata keçirilməsində istifadə edilməyib, ancaq istifadəçilərə imkan daxilində öz qurğularına qurulmuş “Android” sisteminə son versiyanı yükləmək tövsiyə edilib.

Malware növləri

Backdoor: Sistemə hücum edən şəxsin sistemə istədiyi vaxt girişini təmin edə bilməsi üçün sistemə yerləşdirdiyi zərərli koda verilən ad “arxa qapı”dır. Məsələn bir nümunə:

C:\Users\64Win7\Desktop\sbd.exe -lvp 53 -e cmd.exe -k p@ssw0Rd!
Listening on port 53

Botnet: Hacker tərəfindən zərərli kod yoluxmuş komputerləri idarə etmək məqsədilə hazırlanmış komanda nəzarət sistemi (Command and Control Server) tərəfindən müəyyən əməliyyatların edilməsi üçün göndərilən kodları alan zombi komputerlər yığımına botnet adı verilmişdir. Botnet adətən DDOS kimi hücum proseslərinin işə salınması üçün istifadə edilməkdədir.

Downloader: Digər zərərli programları endirən zərərli programlara verilən addır.

İnformation Stealing Malware: Keylogger, sniffer, hash grabber kimi yoluxduğu sistemdəki şəxsi məlumatları oğurlayan programlara verilən addır.

Launcher: Başqa bir malware programını işə salan zərərli programlara verilən addır.

Rootkit: Digər zərərli kodların gizlənməsi üçün yazılmış özünü gizləyə bilən, hardware drayveri kimi göstərə bilən zərərli kodlara verilən addır.

Scareware: İstifadəçinin komputerinə sanki virus yoluxmuş kimi abu-hava yaradaraq, istifadəçini qorxudub ondan pul almaq məqsədilə özünü pullu antivirus kimi göstərən programlardır.

Spam Sending Malware: Spam mail yayan zərərli programlardır.

Worm: Özünü kopyalayaraq birbaşa komputerlərə yoluxan zərərli programlardır.

Ransomware: Girov programlarıdır. İstifadəçinin komputerini şifrələyərək istifadəçidən pul istəyən Cryptolocker kimi programlara verilən addır.

Drive by Download Malware: Exploit quraşdırılmış veb səhifələrinə daxil olunduqda istifadəçi tərəfli java və ya brauzer boşluqlarından sui-istifadə edilib, hədəf komputerə endirilərək işə salınan kodlar Drive by Download Malware olaraq adlandırılır.

Malware hücumları kütləvi və ya tək hədəf yönümlü ola bilər. Kütləvi, mass hücum növündə scareware, ransomware kimi programlardan istifadə edilərək istifadəçilərdən pul əldə etmək məqsədi güdülərkən, tək hədəfli hücumlarda isə daha çox peşəkar atak üsulları həyata keçirilir. Bu növ hücumlar adətən dövlətlərarası şəkildə baş verir. Aşkar edilməsi adətən çətin olur və bu səbəbdən təkmilləşmiş səviyyədə malware analiz üsullarının istifadə edirlər.
Qeyd. Bir çox zərərli program başa düşülməsi çətin və kompleks strukturda ola bilər. Analiz edilərkən hər şeyi başa düşməkdən daha çox əsas, açar nöqtələrin tapılması mühim rol oynayır. Bir alətlə tapıla bilinməyən bir zərərli program oxşar başqa bir alətlə aşkar edilə bilinər. Bu səbəbdən bir alətə yapışıb qalmaq əvəzinə fərqli alətləri yoxlamaq daha məqsədəuyğundur.

Hazırladı:Anar Abdullayev

Daha bir gənc “mavi balina” oyununun qurbanına çevrildi

Türkiyənin Adana şəhərində keçən həftə ov tüfəngi ilə intihar edən 13 yaşlı Əminə Karadağın “Mavi Balina” oyununun qurbanı olduğu ortaya çıxarkən, məktuba yazdığı qeydlər görənləri dəhşətə gətirib.

Milli.Az Hürriyət-ə istinadən xəbər verir ki, məktubda qeydlər arasında “Siçan dərmanı ilə intihar gözəldir” ifadəsi yer alıb. Əminə, 8-ci sinif şagirdi idi.

Qızın dəftərlərini araşdıran ailə və polis məktəbli qız tərəfindən çəkilən balinalar və fiqurlara rast gəliblər. “Ölmədən öncə 1 illik plan” başlığı altında 25 maddəlik bir məktub tapılıb. Burada “Mavi Balina” oyunundan gələn təlimatların Əminə tərəfindən yazıldığı təsdiqini tapıb. Vərəqdə “İntihar qaçışdır. Hər kəslə üz-göz olacaqsan, heç kəslə yola getməyəcəksən. Hər zaman yalnız qalacaqsan. Vaxt gələcək danışmayacağına da and içəcəksən. Ana-atanı qocalar evinə atacaqsan. İldə bir dəfə ziyarət edəcəksən, o da savab olsun deyə. Artıq səndən hər kəsin zəhləsi gedəcək” yazıları diqqət çəkib.

Qızın istifadə etdiyi mobil telefonu və digər qeydlər apardığı əşyaları intihar qeydləri ilə dolu idi.

Polis valideyinləri “Mavi balina”ya görə uşaqlarına qarşı nəzarəti xüsusi ilə gücləndirməyə çağırıb.

“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, əvvəllər eyni məlumatı 20 dəfəyədək göndərmək mümkün idi. Məhdudiyyət yalan xəbərlərlə mübarizə üçün tətbiq olunub.

Bildirilir ki, bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra ölkədə sınaqdan keçirilib. Eksperimentin uğurlu olmasına görə “WhatsApp” rəhbərliyi onu digər ölkə istifadəçilərinə də şamil edib.

“WhatsApp” qrupu 256 nəfərdən ibarət ola bilər. Yeni tədbir məlumatı əvvəllər olduğu kimi, 5 min nəfər arasında deyil, maksimum 1280 istifadəçiyə yaymağa imkan verəcək.

Microsoft 2019 kiber təhlükəsizlik trendlərini açıqlayıb

Microsoft, 2019 və sonrası üçün, kiber təhdidləri və təhlükəsizliyin qorunmasında ən yeni trendləri açıqladı. Süni intelekt, bulud texnalogiyası, kuantom texnalogiyası, botnet’lər kiber təhlükəsizliyin əsas mövzuları olacaq.

Yeni texnalogiyalar, şirkətlərə yeni avantaj  qazandırdığı halda  yeni nəsil təhdidləri də özü ilə birlikdə gətirir. Microsoft, kiber təhdidlərin öhdəsindən gəlmək üçün, 2019-da istifadə olunacaq metodları və təhlükəsizliklə bağlı proqnozlarını açıqladı.

Süni intelekt, kiber təhlükəsizlik üçün əsas vasitə olacaq

Dünya səviyyəsində süni intelekt  xərclərinin 2020-yə qədər 46 milyard dollara çatması gözlənildiyi halda bu böyümənin yüzde 25-i bank və maliyyə təhlükəsizliyi sahələrində  olacaq. Orta şərq və Afrika-da 2017-ci ildə 37,5 milyon dollar olan süni intelekt bazarının, 2021-ci ildə 100 milyon dolları keçməsi gözlənilir. Hər nə qədər kiber cinayətlərin 2021-ci ilə qədər dünyaya 6 trilyon dollara başa gəlməsi gözlənilsə də süni intelekt həlləri ilə beynalxalq iqtisadiyyata 15,7 trilyon dollara qədər xeyir verilməsi gözlənilir.

Təhlüksizliyin vazgeçilməzi bulud

Bulud texnalogiyasında təhlükəsizlik xərcləri 2021-ci ilə qədər  3,5 milyard dollara qədər artması gözlənilir. 2019-da, xakerlər daha qarışıq təhlükəsizlik tədbirləri görərək çalışmalarını sürətləndirəcəklər. Xakerlər üçün asan həfəf olaraq adlandırılan sistemlərin başında, təhlükəsizlik boşluqları olan bulud sistemləri gəlir.

Botnet və “ransomware”

“Robot” və “network” sözlərinin birləşməsindən yaranan botnet’lərə, xakerlərin bir anda müxtəlif cihazlara nəzarət etməsinə imkan verən zərərli proqram deməkdir 2019-cu il birlikdə, intuitiv üsullar, botnetlərlə mübarizə aparmaqda ən təsirli vasitə olacaqdır. Son bir ildə, wannacrypt virusu tərəfindən 230,000-dən çox kompüter virusa yoluxmuşdur. Bu kimi Ransomware, 2019-cu ildə kiber cinayətkarlar tərəfindən istifadə edilən məşhur metodlar olaraq davam edəcək. 2020-ci ilə qədər korporativ hücumların 25% -dən çoxu IOT vasitəsilə, İT təhlükəsizlik büdcələrinin isə 10% -i IOT-ə veriləcək.

Mənbə:https://www.globaltechmagazine.com

Tərcümə edən: Yusif Süleymanlı

“Google” axtarış sistemində nasazlıq yaranıb

Dünyanın bir neçə ölkəsində “Google”axtarış sisteminin işində nasazlıq müşahidə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti bildirib.

“Google”nin fəaliyyətində problemlər ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 18:37-dən müşahidə olunub”, – deyə xəbərdə bildirilir.

Nasazlıqlardan ən çox ABŞ istifadəçiləri şikayət ediblər. Problemlərlə həmçinin Braziliya, Peru, Böyük Britaniya, İspaniya, Rusiya, Türkiyə, Hindistan, Yaponiya və Avstraliyanın internet istifadəçiləri qarşılaşıblar.

Daha əvvəl “Google” şirkəti proqramın işində yaranmış problem nəticəsində “Google+” sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

- reklam -