Ana səhifə Bloq Səhifə 3

Bakıda “Kaspersky Security Day” tədbiri keçirildi

“Kaspersky Security Day” tədbiri

“Kaspersky” şirkətinin sifarişi ilə Bakıda aparılmış araşdırmanın nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.

“Report “xəbər verir ki, bu barədə şirkətin mütəxəssisləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi – 2019” çərçivəsində baş tutmuş “Kaspersky Security Day” tədbirindən öncə mətbuat konfransında məlumat veriblər.

Tədbir nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun və “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədovun salamlama nitqi ilə açıq elan edilib.

Mətbuat konfransında nazirliklə yanaşı, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.

“Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir.

Araşdırmanın nəticələrinə əsasən valideynlərin 55%-i sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatlarından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verirlər.

“Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır, çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir.

Bir tərəfdən, paytaxtda yaşayan valideynlər bu potensial risklərdən xəbərdardırlar, buna görə də böyük əksəriyyəti (81%) bu cür postların yalnız dostları tərəfindən görülməsinə icazə verirlər. Lakin maraqlıdır ki, sorğuda iştirak etmiş valideynlərin 62%-i sosial şəbəkələrdə real həyatda tanış olmadıqları insanları dost siyahısına əlavə etdiklərini də etiraf edirlər.

“Valideynlərin narahatlığı anlaşılan və əsaslıdır, çünki övladlarımızı hər cür təhlükədən qorumaq istəyirik, internetdə isə təhlükə həqiqətən kifayət qədərdir. Ancaq valideynlər yalnız nəzarət etməli deyil, həm də övladlarına nümunə olmalıdırlar. Şəbəkədə təhlükəsizlik qaydalarına riayət, fərdi məlumatların mühafizəsinə və onların paylaşılmasına nəzarət, həmçinin, sosial şəbəkələrdə dost siyahısına yalnız şəxsən tanıdığınız insanları əlavə etmək vacibdir.

“Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır”, – bunu “Kaspersky Lab” şirkətinin internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Konstantin İqnatyev qeyd edib.

Araşdırma nəticəsində Bakı şəhərində valideynlərin övladlarının internetdə ən çox təhlükəli və ya onlara uyğun olmayan məzmunu görə biləcəklərindən narahat olduqları məlum olub. Bu kateqoriyalara alkoqollu içki və narkotik istifadəsi (respondentlərin 71%-i), zorakılıq (respondentlərin 65%-i) və ya pornoqrafiya (59%-i) aiddir. Lakin “Kaspersky” şirkətinin daxili statistikasına görə, uşaqlar belə saytlara demək olar ki, daxil olmurlar.

Belə ki, 2019-cu ilin üç rübü ərzində paytaxtda yaşayan azyaşlıların yalnız 2%-i böyüklər üçün nəzərdə tutulmuş, 0,7%-i zorakılıq, 0,6%-i alkoqollu içki, tütün və narkotik vasitələrdən bəhs edən veb-saytlara daxil olublar. Uşaqların böyük əksəriyyətinin internetdə maraqlarına qısa videolar, serial və film izləmək, musiqi dinləmək və sosial şəbəkələrdə ünsiyyət qurmaq daxildir. “Kaspersky”nin məlumatına görə, bu ilin üç rübü ərzində uşaqların 45%-i multimediya məzmunlu saytlardan, 28%-i isə sosial şəbəkələr və mesencerlərdən istifadə ediblər.

Valideynlərə sadalanan problemlərin anlaşılmasında, həmçinin, uşaqların zərərli məzmundan və digər internet təhlükələrindən qorunmasında “Kaspersky Safe Kids” həlli ilə yardım etmək olar. “Kaspersky”nin bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və məhdudlaşdırır, zərərli məzmunu filtrdən keçirir və potensial təhlükəli kənar şəxslərlə onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın davranışından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin real vaxt rejimində onun yerini də öyrənə bilər.

“İnstagram” istifadəçilərinin şəxsi məlumatlarının sızdırılması məsələsi araşdırılır

instagram
instagram

“Facebook” şirkəti ona məxsus olan “İnstagram” sosial şəbəkəsinin istifadəçilərinə aid şəxsi məlumatların sızdırılmasına dair araşdırmalara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, “Facebook”un sözçüsü Stefani Otvey keçən həftə başlayan araşdırmalar zamanı hələlik fərdi məlumatlara müdaxilələrə dair tutarlı dəlillərin ortaya çıxmadığını qeyd edib.

Bundan əvvəl “İnstagram” şəbəkəsinin 20 milyonadək istifadəçisinə dair məlumatların dələduzlar tərəfindən satışa çıxarıldığı xəbəri yayılmışdı.

Kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib. TED.az xəbər verir ki, təlimin əsas məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır.

Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib.

Daha sonra “Kibertəhlükəsizliyin əsasları” (Cybersecurity essentials), “İnformasiya təhlükəsizliyi standartları” (Information security standards), “İnformasiya təhlükəsizliyi:  texnologiya və həllər” (Information security tech and solutions), “Kibertəhlükəsizlik trendləri” (Cybersecurity trends) mövzuları üzrə iştirakçılara təlim keçirilib.

Qeyd edək ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim İT təhlükəsizliyin əsasları (CompTİA security+) mövzusunda olacaq.

Chrome brauzerində TLS 1.0 ilə TLS 1.1 protokollarının dəstəkləri dayandırılacaq

tls
tls

Firefox-da olduğu kimi Chrome-da da TLS 1.0 və TLS 1.1 protokollarının dəstəklərinin dayandırılması planlaşdırılır. Belə ki, həmin protokollar IETF (Internet Engineering Task Force) təşkilatı tərəfindən artıq köhnəlmiş və onlardan istifadənin qeyri təhlükəsiz olduğu hesab edilir. TLS 1.0 və TLS 1.1-in dəstəyinin dayandırılması Chrome 81-də reallaşdırılacaq. Chrome 81-in isə 17 mart 2020-ci ildə işıq üzü görəcəyi planlaşdırılır. Bu barədə Opennet.ru saytı xəbər verib. Google şirkətinin məlumatlarına əsasən hal hazırda olan veb səhifə yüklənmələrinin 0.5%-i köhnəlmiş TLS versiyalarının vasitəsilə reallaşdırılır.

“WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul aşkarlanıb

“Android” əməliyyat sistemi üçün “WhatsApp” messencerində “GIF” (qrafik təsvirlər formatı) faylları vasitəsilə başqa istifadəçinin qurğusuna daxil olmağa imkan verən boşluq aşkarlanıb. Səhv barədə “Awakened” təxəllüslü təhlükəsizlik üzrə tədqiqatçının bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, potensial qurbana zərərli “GIF” faylı vasitəsilə hücum edilə bilər. İstifadəçi “WhatsApp” qalereyasında qrafik şəkilləri açdıqdan sonra fırıldaqçılar qurğuda fayl və bildirişləri görmək imkanı əldə edirlər. Hakerin nömrəsi qurbanın kontaktlar kitabçasında olanda isə şəkillər istifadəçi tərəfindən təsdiq edilmədən avtomatik yüklənir.

Mütəxəssis izah edib ki, boşluq təsvirlər üçün qalereyada ilkin baxışın yaradılması mexanizmində, eləcə də “GIF” fayllarda aşkarlanıb. Eksployt “Android 8.1” və “Android 9.0” versiyalı qurğularda işləsə də, “Android 8.0” və əvvəlki versiyalarda işləmir.

Müəllif problem barədə messencerin sahibi “Facebook” şirkətini məlumatlandırdıqdan sonra  proqramın sonuncu versiyasına düzəliş edilib.

Fırıldaqçılarla üzləşməmək üçün “Awakened” təxəllüslü tədqiqatçı istifadəçilərə “WhatsApp” messencerini 2.19.244 versiyasınadək yeniləməyi tövsiyə edir.

Kibertəhlükəsizliyə dair təlim keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə rəhbər şəxslər üçün “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçiriləcək.

Cari ilin 18 oktyabr tarixində təşkil olunacaq təlimin məqsədi rəhbər şəxslərin müasir kibertəhlükəsizlik sahəsində mövcud olan risklər və bu risklərin qarşısının necə alınması üzrə biliklərinin, əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılmasıdır.

“Kibertəhlükəsizliyin əsasları” (Cybersecurity essentials), “İnformasiya təhlükəsizliyi standartları” (Information security standards), “İnformasiya təhlükəsizliyi:  texnologiya və həllər” (Information security tech and solutions), “Kibertəhlükəsizlik trendləri” (Cybersecurity trends) maarifləndirici tədbirin əsas mövzularını təşkil edəcək.

İstənilən qurum və şirkətin rəhbər şəxsləri təlimdə ödənişsiz iştirak edə bilərlər.

Bu link (http://bit.ly/2ns9w4O) vasitəsilə iştirak üçün qeydiyyatdan keçmək mümkündür.

safeonline.az saytının təqdimat mərasimi keçirildi

21 sentyabr 2019-ci il tarixində saat 10.30-da “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Samir Həsənov əvvəlcə qonaqları salamlamış və bu vacib layihənin həyata keçməsində yardımı olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirmişdir. Layihə haqqında qısa məlumat verdikdən sonra söz layihə rəhbərinin köməkçisi Yusif Süleymanlıya verilmişdir.

Yusif Süleymanlı tədbir iştirakçılarını saytın bölmələri ilə tanış etmiş və eləcədə internetdə olan zərərli informasiyalardan qorunma üsulları barədə geniş danışmış, informasiya təhlükəsizliyi haqqında qonaqlara məlumat vermişdir.

Tədbir vaxtı iştirakçıların sualları yerindəcə cavablandırılmışdır və onların böyük marağına səbəb olmuşdur.

Growth Hacking tədbiri keçiriləcək

Growth Hacking
Growth Hacking

İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Growth Hacking: How and Why?”  tədbiri keçiriləcək.

TED.az xəbər verir ki, tədbirin spikerləri Toğrul Səməd və Ülviyyə Rüstəmova “Growth Hacking”in əsasları və onun təsir etdiyi biznes halları, eyni zamanda sürətli böyüməyə nail olmaq üçün startaplar tərəfindən strategiyaların istifadəsi  barədə də danışacaqlar.

Qeyd edək ki, təqdimatlar “Introduction to Growth Hacking”, “Customer Acquisition”, “Customer Retention” mövzularını əhatə edəcək.

“Microsoft” bütün brauzerlər üçün parolun görsənməsi funksiyası üzərində işləyir

“Microsoft”un tərtibatçıları bu yaxınlarda “Chromium”a əsaslanan “Edge”, “Chrome” və başqa brauzerlərdə əlçatan olacaq parolun görünməsi funksiyası üzərində işləyirlər. Sözügedən funksiya istifadəçiyə veb-saytın parol daxil edilən formasında şifrin yazılması vaxtı onu görməyə imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, parolun görsənməsi funksiyası, həmçinin “qısa klavişlər” dəstəyinə malik olacaq.

Layihə hələ ki hazırlanma mərhələsindədir, buna görə sözügedən funksiyanın “Microsoft Edge” və ya “Chrome” brauzerlərində əlçatan olması üçün müəyyən qədər vaxt lazımdır.

Emil Hüseynov

Mənbə: ictnews.az

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması məqsədilə 21 may 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib.

Məqsəd kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılmasıdır. Tədbir iki sessiyadan ibarət idi.

Seminarın birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən “Kibermühitdə təhdidlər, hücumlar və müdafiə yolları” mövzusunda və “Azercell Telecom” MMC tərəfindən “Fraud” ilə bağlı məlumatlılıq” mövzusunda məruzələr dinlənilib.

Seminarın ikinci sessiyasında “Microsoft Azərbaycan” şirkəti tərəfindən “Müasir kibertəhlükəsizlik” mövzusunda, “Penteston” şirkəti tərəfindən isə “Serverdə təhlükəsizlik/Serversiz dünya” mövzusunda məruzələrlə çıxışlar edilib.

Tədbirdə gənclər gündəlik istifadə etdikləri qurğuların kibertəhlükələrdən mühafizəsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları haqqında məlumatlandırılıb. Onlar informasiya sistemlərinə edilən müdaxilələrin qarşısının alınması ilə bağlı maarifləndirilib və kiberhücumların nəticələri, təhlükəsizlik tədbirləri haqqında danışılıb. Bildirilib ki, ziyanverici proqramlar hədəf qurğularda məlumatları oğurlamaq, silmək, sistemi sıradan çıxarmaq, işi ləngitmək xüsusiyyətinə malikdir.

Təqdimatla çıxış edən mütəxəssislər ilə gənclər arasında eyni zamanda praktik məsələlərə əsaslanan kibertəhlükəsizlik həlləri üzrə interaktiv sual-cavab sessiyası təşkil olunub. Müzakirələrdə ictimai fəal gənclər və gənclər təşkilatlarının məsul nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik, habelə gənclərin maarifləndirmə səviyyəsinin artırılması sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.

- reklam -