Ana səhifə Bloq Səhifə 12

Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 26-da Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi”nə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin rəhbəri Rəşad Əzizov qeyd edib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq. “İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, həmçinin Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.

Eyni zamanda, “İnnovasiya həftəsi”ndə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turların qaliblərinin yarışacağı böyük final təşkil ediləcək. “İnnovasiya həftəsi” çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı onun müəllifi həm də mükafatlandırılacaq.

Eyni zamanda, Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub.

“İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı informasiya-texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq “İnnovasiyalar həftəsi”nin tərəfdaşları sırasında da yer alır.

“Keepface” şirkətinin rəhbəri Emin Vəli təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Bakıda yaradılan şirkət hazırda 35 ölkədə fəaliyyət göstərir. “Komandamız qlobal təcrübəli insanlardan ibarətdir, biz dünyada baş verən trendləri tətbiq edərək öz platformamızı yaratmışıq və sürətlə böyüməkdəyik. Hazırda “Keepface” bazasında 14 mindən çox insan qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin auditoriyası 1 milyard nəfərə yaxındır. Bizim bazadan qeydiyyat keçənlərin sayı genişlənir”, – deyə şirkət nümayəndəsi bildirib.

“FA International Trade Events”in rəhbəri Nail Babayev gələn ay ölkəmizdə keçiriləcək tədbirə mindən artıq iştirakçının qatılacağını deyib. Qeyd edib ki, tədbirin əsas spikeri robot “Sofiya”dır. “Sofiya” robotlaşdırılma, süni intellekt, xüsusi bacarıqların birləşməsi əsasında yaradılmış dünyada ən qabaqcıl insanabənzər robotdur. “Sofiya” sahib olduğu süni intellekt sayəsində sərbəst şəkildə interaktiv dialoqlara daxil ola bilir, fərqli mövzularda məntiqli, analitik həllər təklif edə bilir. Robot kənar müdaxilə olmadan öz sosial şəbəkə hesablarından aktiv istifadə edə, suallara məntiqli cavablar verə bilir.

Tədbirin son günü kontent turun keçiriləcəyini deyən şirkət rəhbəri bildirib ki, tur çərçivəsində influenserlər həm Azərbaycan mətbəxi, həm də Bakının turistik məkanları ilə tanış olub, onunla bağlı kontent hazırlayacaqlar.

Azərbaycan Kiberidman Federasiyasının rəhbəri Ramil Əliyev Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. “Baku Open Cyber Cup” çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək. Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd edək ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CAMCA network tərəfindən dəstəklənir.

“UBM”, “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün sponsorları “Astrolabs”, “Azersun”, “Azgranata”, “SATGroup”, “PWC”, “Roof Academy”dir. “Qlobal İnfluenser Günü” tədbirinin biletləri iTicket.az satış məntəqələri və saytında satılır.

Azərbaycanın üçüncü peyki “Azerspace-2” uğurla orbitə buraxılıb

Sentyabrın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

Qeyd edək ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Yaponiyanın kriptovalyuta birjasına xaker hücumu olub

Yaponiyada fəaliyyət göstərən “Zaif” kriptovalyuta birjasına xaker hücumu olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xakerlər birjadan, ümumilikdə, 59 mln. dollar dəyərində “Bitcoin”, “Bitcoin Cash” və “MONAcoin” çıxara bilib və həmin rəqəmsal pulları digər hesablara köçürüblər.

Qeyd edək ki, əvvəllər bu birja “sındırılmaz” hesab olunurdu.

“iPhone” və “iPad” qurğularına hücum edən yeni virus aşkarlanıb

“Kasperski laboratoriyası” şirkəti əvvəllər “Android” qurğu istifadəçilərini təhdid edən “Roaming Mantis” virusunun “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara hücum etməyə başladığını aşkarlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, mobil bank troyanı fişinq vasitəsilə istifadəçilərin hesab məlumatlarını oğurlayır. Qurbanlar “iPhone” və ya “iPad” qurğularından səhifəyə daxil olan zaman onlar cinayətkarlar tərəfindən istifadəçi identifikatorunun, parolun, bank kartı nömrəsinin, onun qüvvədə olma müddətinin və CVV kodunun oğurlandığı saxta sayta yönəldilir. Həmçinin zərərli proqram internet mayninqi məqsədilə “iOS” əməliyyat sistemli qurğulara hücumlara başlayıb. Məsələn, onun əsas aləti – “CoinHive” kriptovalyuta mayninqi servisidir. Onun vasitəsilə əvvəllər fərdi kompüterlər troyanlara yoluxdurulub.

Troyan yayılan zaman cinayətkarlar növbə ilə  konkret halda hansı üsulun nə qədər gəlir gətirəcəyindən asılı olaraq fişinq saytından və veb mayninq səhifəsindən istifadə edirlər.

Bundan başqa, “Roaming Mantis” virusunda hücum və aşkarlanmadan yayınma metodları genişləndirilib. Əvvəllər “DNS” dəyişdirildikdən sonra qurbanlar “facebook.apk” və ya “chrome.apk” zərərli əlavələrinin quraşdırıldığı fırıldaqçı İP ünvanlarına yönəldilirdi. Bu yaxınlarda isə kibercinayətkarlar tərəfindən “facebook.apk” əlavəsi “sagawa.apk” proqramı ilə əvəzlənib və onun yayılması üçün SMS-bildiriş göndərən istifadəçinin nömrələrinin dəyişdirilməsinə əsaslanan icarəyə götürülmüş “spoofing” xidmətinin tətbiqinə başlanılıb.

Nizam Nuriyev

Mənbə: ictnews.az

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə bu gün Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, “Bakı Elektron Ticarət Forumu 2018” adlanan beynəlxalq tədbir 2 gün davam edəcək

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Bu gün tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. “Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyona bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Bu gün və sabah təşkil olunan sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.

Tədbirdə iştirak edən elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

WhatsApp proqramı artıq iOS 7 platformalı smartfonlarda işləməyəcək

WhatsApp proqramını artıq iOS 7 platformalı smartfon yükləmək mümkün deyil.

WhatsApp-ın sonuncu versiyasını iPhone 4 modeli və iOS 7 platformalı smartfonlar dəstəkləmir.

Şirkətin verdiyi açıqlamaya görə proqramın 2020-ci ilə qədər işləməsi nəzərdə tutulsa da, iPhone 4 modelində smartfondan silinən proqramı yenidən yükləmək mümkün deyil.

Bu, həmçinin platforması yenilənməyən 4S, 5, 5C və 5S modellərinə də aiddir.

Qeyd edək ki, iPhone 4 2010-cu ildə təqdim edilib və 2013-cü ildə istehsalı dayandırılıb.

Sophia Azərbaycanca öyrənir

Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sophia Azərbaycana gəlir.

Onun 27 oktyabr tarixində Heydər Əliyev mərkəzində 20 dəqiqəlik çıxışı planlaşdırılır. Təşkilatçıların sözlərinə görə, Sophia çıxışını milli geyimdə edəcək.

“Tədbirdə Sophia ilə yanaşı 20 tanınmış, bir milyondan yuxarı izləyicisi olan informasiya texnologiyaları və menecment üzrə mütəxəsislər çıxış edəcək”, – FA İnternational Trade Events şirkətinin rəhbəri Nail Babayev BBC News Azərbaycancaya bildirib.

Sophia ingilis və rus dillərində danışa bilir və onun çıxışında sinxron tərcümə olacaq, cənab Babayev deyir.

Nail Babayev bildirir ki, hazırda Sophia-ya Azərbaycanca salamlaması üçün hazırlıqlar aparılır.

Sophia robotu dörd gün davam edəcək tədbirin yalnız birində çıxış edəcək.

Tədbirə qatılmaq üçün biletlərin qiyməti 68 manatla 2040 manat arasında dəyişir.

Robotun Bakıya gətirilməsində təşkilatçılardan biri olan KeepFace şirkətinin icraçı direktoru Vaqif Abbasov BBC News Azərbaycancaya deyib ki, “tədbir vaxtı yaxınlaşdıqca biletlərin qiyməti bahalaşır”.

“2040 manata olan VİP biletin sahibləri təşkilatçılar kimi bütün günlərdə və dörd gün ərzindəki tədbirlərdə iştirak edə bilərlər”,- Vaqif Abbasov belə deyib.

Tələbələr isə tələbə biletini göstərərək 35 manatlıq biletlərdən faydalana bilərlər.

Tədbir təşkilatçıları deyir, tamaşaçılara onunla şəkil çəkdirmək üçün imkan yaradılacaq.

Sophia ötən ilin noyabrında Səudiyyə Ərəbistanının Riyad şəhərində ictimaiyyətə təqdim olunub.

Sophia o qədər maraq doğurub ki, ona yüzlərlə insanın iştirak etdiyi tədbirdə dərhal Səudiyyə vətəndaşlığı verilib. Sophia jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.

Amerikanın Honkonqda mənzilənmiş Honson Robotics şirkəti tərəfindən hazırlanmış Sophia, auditoriyaya heç bir baş örtüsü olmadan, ingiliscə müraciət edib.

Avropa İttifaqı “Facebook” qarşısında şərt qoyub

“Facebook” sosial şəbəkəsi ilin sonunadək fərdi məlumatların emalını Avropanın yeni qaydalarına uyğunlaşdırmalıdır”.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) komissarı Vera Yurova “Twitter”dəki səhifəsində bildirib.

“Əks təqdirdə, “Facebook” İttifaqın sanksiyaları ilə üzləşməli olacaq. “Facebook”un fərdi məlumatları üçüncü şəxslərə ötürməsindən, yaxud istifadəçilərin yerləşdirdiyi hər bir şəkilə və ya məlumata müəllif hüququnu özündə saxlamasından çoxlarının xəbəri yoxdur”.

60 milyon dollar dəyərində kriptovalyuta oğurlanıb

Yaponiyanın onlayn rejimdə fəaliyyət göstərən “Tech Bureau Corp” birjasından bitkoin də daxil olmaqla müxtəlif kriptovalyutalar oğurlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, oğurluğun dəyəri 6,7 mlrd. yapon yen (təxminən 60 mln. ABŞ dolları) təşkil edib.

Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar. 2 saat ərzində oğurlanmış kriptovalyutaların 40 mln. dollarlıq hissəsi müştərilərin birjada depozit kimi saxladığı vəsaitləri olub.

Azərbaycanda ilk dəfə NOPcon konfransı keçiriləcək

Cybero MMC kibertəhlükəsizlik üzrə ixtisaslaşan ilk yerli təlim mərkəzi olmaqla yanaşı sahə üzrə konfrans və seminarların keçirilməsində də aktiv iştirak etməyi qarşısına məqsəd qoyub. Beləki mərkəz NOPcon Türkiyə ilə əldə etdiyi razılaşmaya əsasən 2018-ci il dekabr ayı üçün Azərbaycanda ilk dəfə NOPcon konfransını təşkil edəcək. NOPcon konfransının bu ildən başlayaraq hər il ardıcıl olaraq ölkəmizdə keçirilməsi nəzərdə tutulmuşdur.

Bundan əlavə, CYBERO MMC Azərbaycanda bir ilkə imza ataraq Kiber təhlükəsizlik sahəsindəki təlimlərinin beynəlxalq certifikatlaşdırılmasını həyata keçirmək üçün İTU-nun Kibertəhlükəsizlik üzrə qlobal reytinqində 3-cü yerdə olan Malaziyanın Kiber Təhlükəsizlik Mərkəzinin “Global Accredited Cybersecurity Education (ACE) Scheme” sisteminə qoşulmaqla bağlı qarşılıqlı anlaşma memorandumu imzalamışdır. Yaxın gələcəkdə CYBERO MMC aşağıdakı istiqamətlərdə Beynəlxalq statuslu təlimlərini və certifikasiya mərkəzini təqdim edəcək:

• CSAP (Certified Secured Applications Professional)
• CISAM (Certified Information Security Awareness Manager)
• CISMS (Certified Information Security Management System — Internal Auditor)
• CDFFR (Certified Digital Forensics First Responder)
• CPT (Certified Penetration Tester)
• CCDA (Certified Cyber Defender Associate)

Artıq CYBERO MMC-nin təlimçiləri “Certified Cyber Defender” təlimi üzrə sertifikatlaşdırılıb və ilk təşkil olunacaq təlimlərin də məhz CCDA sertifikatı üzrə kadrların hazırlanmasına yönəldilməsi nəzərdə tutulmuşdur.
Cybero MMC olaraq məqsədimiz sadəcə ödənişli təlimlər vasitəsi ilə mütəxəssis yetişdirmək deyil, eyni zamanda pulsuz seminarların təşkili, maarifləndirici video çarxların hazırlanması, sosial ayıqlıq layihələri vasitəsi ilə insanları və müəssisələri kiber təhditlərdən xəbərdar etmək, insanlar arasında informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdırmaq və cəmiyyətdə bu sahədəki maarifləndirməni artırmaqdır.

- reklam -