Ana səhifə Bloq Səhifə 11

Avropa İttifaqında milyard avroluq superkompüter yaradılır

Yaxın vaxtlarda Avropa İttifaqında dəyəri 1 milyard avrodan çox olan superkompüter yaradılacaq. AZƏRTAC xəbər verir ki, Aİ üzvü olan ölkələr bu gün Avropa Komissiyasının müvafiq təklifini bəyəniblər.

Avropa Komissiyasının məlumatına görə, bu il noyabr ayında Lüksemburqda Avropa Hesablama Mərkəzi açılacaq. Həmin mərkəzin yaradılmasında 24 ölkə, o cümlədən Aİ üzvü olmayan Norveç də iştirak edir.

Layihənin həyata keçirilməsi üçün Aİ büdcəsindən 485 milyon avro, Aİ iştirakçıları olan ölkələrdən 400 milyon avro və özəl şirkətlərdən 400 milyon avro məbləğində vəsait daxil olacaq. Bu vəsait hesabına dünyada ən güclü superkompüterlərin ilk beşliyinə daxil olan iki kompüter və dünyada 25 ən güclü kompüter siyahısına daxil olan daha iki kompüter alınacaq. Lüksemburqdakı Hesablama Mərkəzi Avropa ölkələrindəki superkompüterlərlə vahid şəbəkə şəklində birləşdiriləcək.

Dünyada ən güclü superkompüter ABŞ-da, Ouk-Ric milli laboratoriyasında yaradılıb. İyun ayında istifadəyə verilmiş “Summit” adlı bu kompüterin gücü bir saniyədə 200 petaflops və ya 200 min trilyon hesablama əməliyyatı aparmağa imkan verir. Bundan əvvəl dünya reytinqinin birinci sətrində qeydə alınmış “Sunway TaihuLight” kompüterinin (Çin) gücü 93 petaflopsa bərabərdir.

Almaniyanın ən güclü superkompüteri “Juwels” ölkənin qərbindəki Yulix tədqiqat mərkəzində yerləşir. Onun gücü 6,2 petaflopsa bərabərdir. “Juwels” dünya üzrə 500 ən güclü kompüterin reytinqində 23-cü yeri tutur.

Təhlükəsizlik portalının təqdimat mərasimi keçirilmişdir

28 sentyabr 2018-ci il tarixdə  “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İKT sahəsində təhlükəsizlik qaydalarını təbliğ edən portalın yaradılması” layihəsi çərçivəsində yaradılmış www.isecurity.az portalının ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə jurnalistlər, tələbələr və ictimai birliklərin nümayəndələri iştirak etmişlər. Layihənin eksperti, təhlükəsizlik üzrə mütəxəssis Yusif Süleymanlı portalı təqdim etdikdən sonra qonaqları texnologiyalar barədə yeniliklərlə məlumatlandırmış eləcədə internetdə təhlükəsiz qaydalarının vacibliyi barədə geniş çıxış etmişdir.

Keçirilən tədbirdə kibertəhdidlərin növləri barədə qısa məlumat verildikdən sonra hər bir kiberhücum barədə ətraflı danışılmış və fərdi məlumatların qorunması üsulları izah edilmişdir. Layihənin eksperti qonaqları spam, fişinq, DDOS, sosial mühəndislik, hack hücumları barədə məlumatlandırmış, yaranmış kiberhücumlar zamanı və hücumdan sonra görüləcək təxirə salınmaz tədbirlər barədə məlumat vermişdir. Kiberhücumlardan qorunma üsulları kimi çətin şifrə sistemindən yararlanma, lisenziyalı proqramlardan istifadə, antivirus sisteminin düzgün qurulması, sistemlərin və antivirus yenilənmələrinin vaxtaşırı internetdən yüklənilməsi kimi metodların faydalarından danışılmışdır.

Yusif Süleymanlı öz çıxışında təhlükəsizlik portalının ölkə vətəndaşları üçün əhəmiyyətini izah etmişdir. Hər il internetdə təhlükəsizlik qaydalarının pozulması ücbatından vətəndaşlara dəyən mənəvi və maddi zərərlər barədə geniş məlumat verilmişdir.

Təqdimat mərasiminin sonunda tədbirə qatılmış qonaqların sualları ictimai birliyin mütəxəssisləri tərəfədindən cavablandırılmışdır və onların qarşılaşdığı təhlükəsizlik problemləri araşdırılmışdır.

Facebook kiberhücuma məruz qalıb

Amerikanın “Facebook” şirkətinin mühəndis heyəti sosial şəbəkədə təhlükəsizliklə bağlı 50 milyon akkauntu əhatə edən “problem” aşkar edib.

Bu barədə cümə günü şirkətin saytında dərc olunan məlumatda deyilir.

“Çərşənbə axşamı, sentyabrın 25-i, günün ikinci yarısında, bizim mühəndis heyətimiz təhlükəsizliklə bağlı təqribən 50 milyon hesaba aid olan problem aşkar edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, insidentin araşdırılması ilkin mərhələdədir. Hazırda şirkətdə əmindirlər ki, canilər “Facebook” kodunda istifadəçilərə profillərinin digər istifadəçilər tərəfindən necə göründüyünə baxmağa imkan verən funksiyaya təsir edən zəiflikdən istifadə ediblər.

Məlumatda bildirilir ki, şirkət zəifliyi artıq aradan qaldırıb və ölkənin hüquq-mühafizə orqanlarını baş verənlər barədə məlumatlandırıb.

“Facebook” həmçinin əlavə edib ki, “Necə görünür (View as)” funksiyası hazırda şirkət tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı aparılan yoxlamalarla əlaqədar olaraq işləmir.

7 yaşlı uşaq iOS 12 sistemində də boşluq tapdı

7 yaşlı uşaq yeni istifadəyə verilən iOS 12 sistemində boşluq aşkar edib.
Uşaq valideynlərə övladlarının oyun qarşısında keçirdikləri vaxta nəzarət etməyə imkan verən “Ekran vaxtı” funksiyası tərəfindən qoyulan məhdudiyyəti keçməyə müvəffəq olub.
Oyun vaxtı bitən kimi uşaq proqramı silib, sonra onu “App Store” internet mağazasında “Alış” bölməsindən yenidən quraşdırıb və məhdudiyyətsiz oynamağa davam edib.
Ata oğlunun oyun qarşısında daha çox vaxt keçirməsindən şübhələnib və yalnız bir neçə gün sonra ondan bunun sirrini soruşub.
Məlumat üçün bildirək ki, iOS 12 əməliyyat sistemi 17 sentyabrda təqdim edilib. Yeniliklərin böyük hissəsi iş prosesinin sürəti və optimallaşdırılması ilə bağlıdır.

BMU-nun tələbələri Beynəlxalq proqramlaşdırma təlimlərində iştirak edir

26 sentyabr-4 oktyabr tarixlərində Moscow Workshops ICPC, Moscow Institute of Physics and Technology, ITMO University, Harbour Space University, Codeforces birgə təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərində “Hello Barcelona in collaboration with Moscow Workshops ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilir.

Təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyır və Rusiyanın bu sahədə dünya şöhrətli mütəxəssisləri tərəfindən verilir.

Təlimlərdə 18 ölkədən (Azərbaycan, Belarus, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, İslandiya, Yaponiya, Lebanon, Litva, Meksika, Oman, Portuqaliya, Rusiya, İspaniya, İsveç, ABŞ) 35 komanda iştirak edir.

Bakı Mühəndislik Universitetinin “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə BEU Programmers komandası təlimlərdə iştirak edir.

Mobil qurğular uşaqlarda psixi pozğunluqlar yarada bilər

“CHEO” tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltmasını və normal inkişafa mane olmasını müəyyənləşdiriblər. Nəticə etibarilə qurğular yuxusuzluğa, sinir və psixi pozğunluğa səbəb ola bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tədqiqatçılar qeyd edir ki, 20 uşaqdan yalnız biri qurğuları təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verir. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azalmasını, eləcə də ümumi səhhətin pisləşməsini göstərib.

Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.

Nizam Nuriyev

Mənbə: ictnews.az

Haker hücumlarında yeni strategiyalar tətbiq edilir

İnformasiya təhlükəsizliyinin təmini üçün “Fortinet” həllər istehsalçısı kibertəhdidlər üzrə tədqiqatın nəticələrini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, kibercinayətkarlar boşluqlarla iş üzrə daha bacarıqlı strategiya tətbiq edir və daha operativ fəaliyyət göstərirlər.

Qeyd olunur ki, heç bir şirkət kibertəhdidlərdən tam sığortalanmayıb. Təşkilatların təxminən hamısı (96 faiz) azı bir dəfə ciddi kiberproblemlərlə rastlaşıb.

Biznes nümayəndələrinin təqribən dörddə bir hissəsi “cryptojacking” üçün nəzərdə tutulan zərərli proqram təminatı ilə üzləşib. Korporativ şəbəkələrin 10 faizinə hücumlar üçün 6 zərərli proqram növündən istifadə olunub. Bundan başqa, ötən rübdə “FortiGuard Labs” şöbəsi tərəfindən 30 yeni “sıfır günü” (Zero Day) boşluğu aşkar edilib.

Cinayətkarlar hədəflərin seçimində böyük seçmə qabiliyyəti nümayiş etdirirlər. Eksploytların yayılması və onların aşkarlanması hallarının sayı baxımından analizi zamanı aşkar olunub ki, cinayətkarlar praktikada məlum boşluqların yalnız 5,7 faizindən yararlanırlar. Hücumların yayılmasına səbəb olan əksər boşluqların istifadə edilməyəcəyi təqdirdə səylərin səhvlərin aradan qaldırılması üçün qabaqlayıcı strategiyanın hazırlanmasına yönəldilməsi daha məqsədəuyğundur.

Yeni risk faktorları kimi mütəxəssislər təkcə zərərli proqram təminatından istifadə edilməklə hücumların avtomatlaşdırılmasını deyil, eyni zamanda elastik texnologiyaların tətbiqini qeyd edirlər ki, bu da cinayətkarların hücumların daha gizli versiyalarının yaradılması sahəsində yüksək ixtisasa malik olmasından xəbər verir.

Nizam Nuriyev

Mənbə: ictnews.az

Ukrayna silahlı qüvvələri asan şifrələrdən istifadə edir

Ukrayna ordusu «Днiпро» avtomatlaşdırılmış idarəetmə sistemlərində asan login və şifrələrdən (“admin” “123456” tipli) istifadə etdiyi aşkarlanmışdır.

Boşluğu hərbi xidmətdə olan verilənlər bazası üzrə mütəxəssis rəislərərinə bu barədə xəbərdarlıq etsədə, login və şifrələr bu günə kimi yeniləri ilə əvəz edilməmişdir.

Mütəxəssis bildirib ki, Ukrayna müdafiə nazirliyində olan kompüter şəbəkəsində şifrə sistemindən ümumiyyətlə istifadə edilmir. Onun sözlərinə görə, İKT sahəsində biliyi olan istənilən şəxs serverlərə, marşrutizatorlara, printerlərə, skanerlərə eləcədə məxfi məlumatlara çox asanlıqla giriş əldə edə bilər.

Mitsubishi 59 min avtomobili proqram boşluğuna görə geri çağırır

Mitsubishi şirkəti 59 000 avtomobili təhlükəli proqram boşluğu üzündən geri çağırmağa məcbur olub. Problem Outlander Sport SUV 2018-ci il, hibrid Outlander 2018-ci il, Eclipse Cross və Outlander 2017-2018-ci illər istehsalı olan avtomobilləri əhatə edir. Bu boşluqlar avtomobilin sürülərinə və piyadalara böyük təhlükələr yaradır.

Proqram boşluğu tormoz sisteminin idarəetmə blokunun işində aşkarlanıb.

Firefox Monitor

Firefox Monitor onlayn xidməti artıq öz işinə başlayıb. Bu xidmət vasitəsilə istənilən şəxs fərdi məlumatlarının hakerlər tərəfindən ələ keçirilib ya keçirilməməsini yoxlaya bilər. Bunun üçün xidmətə  öz mail ünvanınızı daxil edərək qısa müddətdə cavab ala bilərsiniz.

- reklam -