Müasir dövrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiya texnologiyalarının (İT) rolunun artması informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır.

“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

O, əlavə edib ki, informasiya texnologiyalarının qlobal miqyasda yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə təminatı ilə yanaşı, kibercinayətkarlığın da meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarır.

“Məhz bu səbəbdən cəmiyyətin və dövlət qurumlarının informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi ölkəmizin prioritet məsələlərindən biri hesab olunur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirir. Kiberhücum vektorlarının analizi hakerlərin əsas hədəflərindən birinin məhz son istifadəçilər olması qənaətinə gəlməyə imkan verir. Bu da sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyacın olduğunu göstərir.

Belə ki, günümüzdə bir çox kiberhücumların, eləcə də adi gündəlik dələduzluq hallarının məhz insanları son istifadəçiləri hədəf almasını görürük. Sistemlərə edilən kiberhücumlar hakerlərdən daha çox enerji, bilik, resurs tələb etdiyindən istifadəçiləri hədəf almaq kütləvilik baxımından daha az maddiyyat tələb edir. Mürəkkəblik baxımından isə hakerlər üçün daha asan başa gəlir. Bu baxımdan informasiya təhlükəsizliyinin təmini məqsədi ilə yeni nəsil texnologiyaların tatbiqi kifayət etmir”, – deyə o qeyd edib.

İ. Musayev onu da deyib ki, bu prosesdə son istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması, onların hazırlıq səviyyəsinin yüksəldilməsi də çox vacibdir: “Bununla bağlı Xidmətimiz dövlət qurumlarının əməkdaşları üçün Kibergigiyena layihəsi, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviqini, “İnformasiya Təhlükəsizliyi Təqvimi” layihəsi üzrə hər ay müxtəlif mövzular üzrə seminarlar və digər maarifləndirmə tədbirləri həyata keçirilir. İnformasiya təhlükəsizliyi sahəsində görülən işlər, təhlil edilən kibertəhdidlər və tədqiq edilən kiberinsidentlərlə bağlı dövlət qurumları ilə yanaşı cəmiyyətin və vatandaşların kibertəhlükələr barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür”.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin