Fevralın 9-da “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin iştirakı ilə təşkil olunacaq vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.