Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə bu gün Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, “Bakı Elektron Ticarət Forumu 2018” adlanan beynəlxalq tədbir 2 gün davam edəcək

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Bu gün tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. “Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyona bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Bu gün və sabah təşkil olunan sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.

Tədbirdə iştirak edən elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin