Söz sənətini yaşadan, onun əsrlərin süzgəcindən keçərək dövrümüzə qədər gəlib çatmasına zəmin yaradan kitabların bəşər cəmiyyətinin inkişafında əvəzsiz rolu vardır. Bəşəriyyətin minilliklərlə yaratdığı bugünkü sivilizasiya hamısı kitablarla əlaqədardır.

Cəmiyyətdə hər şey kitabdan başlanır: təhsil, elm, mədəniyyət, inkişaf, sivilizasiya. Ona görə bu gün malik olduğumuz bütün müsbət yeniliklər üçün kitablara borcluyuq. Əlbəttə, çap kitabının yaradılması nəşriyyat prosesindən keçir və hər bir kitabın nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəş­riyyat-redaksiya prosesində formalaşması, çapdan buraxıl­ması nəşriy­yat fəaliyyəti ilə əlaqədardır. Kitab əgər səviyyəlidirsə – cəmiyyəti öyrədir, düşündürür, emosional-rasional təsir gücünü artırır, bədii-estetik zövq verir. Bunlar hamısı bütövlükdə naşirin səviyyəsinin və səriştəsinin göstəricisidir. Bir sözlə əsl naşir – əsl maarifçi və vətəndaşdır.

Dünyada möcud olan nəhəng dövlətlər (xüsusilə Avropa ölkələri) bu gün də ənənəvi kitab nəşrinə üstünlük verirlər. Kitab yaranan gündən informasiya daşıyıcısı, bilik mənbəyi olmaqla bərabər, həm də gəlirli ticarət əmtəəsidir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyları çox sürətlə inkişaf etməkdədir. Azərbaycanda informasiya cəmiyyətinin qurulması prossesi intensiv xarakter almışdır. Belə ki, bütün dünyada, o cümlədən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində elektron nəşrlər yaranmış və onun istifadəsi də cəmiyyət tərəfindən qəbul olunmuşdur. Lakin bəzən bir çox insanlar tərəfindən bu müzakirə obyektinə çevrilmiş, bir çox təzadlı fikirlər yaranmışdır. Qeyd olunan məsələlərdən biri budur ki, elektron nəşrlər heç vaxt ənənəvi kitab nəşrinin yerini əvəz edə bilməz. Lakin biz bu kimi məsələləri çözənə qədər, aydınlıq gətirib həlli yollarını axtarana qədər, bu inkişaf öz axarında həyata keçməkdədir. Yəni bunun qarşısını heç nə ilə almaq mümkün deyil. Bu gun dünyada istifadə edilən ən çox internet resursları, elektron nəşrlər cəmiyyət tərəfindən geniş istifadə edilən informasiya mənəbəyidir. İnternet şəbəkəsində insanlar xüsusilə də gənc oxucular arasında ünsiyyət qurmaq mümkündür. Yeri gəlmişkən bu proses didaktik təhsil funkisiyası ilə sıx əlaqədardır. İctimai istifadə üçün nəzərdə tutulan hər bir saytın forumlar və qonaq kitabları kimi əks əlaqə vasitələri var.

Elektoron nəşrlərin həyata keçirilməsi bizim düşündüyümüz qədər də asan, rahat bir məsələ deyildir. Ümumiyyətlə, ölkədə bu gün bir çox dövlət və özəl nəşriyyatlar fəaliyyət göstərirlər. Bu nəşriyyatların bəzilərində ənənəvi nəşrlərlə bərabər çox az sayda elektron nəşrlər də həyata keçirilir.  Qeyd edək ki, informasiya cəmiyyətinin ideologiyası qlobal xarakter daşıyır, buna baxmayaraq hər bir ölkə ayrı-ayrılıqda onun üstünlüklərini qəbul edərək bu cəmiyyəti qurmağa çalışmalıdır. Biliyə, təhsilə əsaslanan kitab nəşri texnologiyalarının qurulması ölkədə yüksək ixtisaslı əhalinin və informasiya texnologiyaları üzrə mütəxəssislərin olmasını olduqca zərurətə çevirmişdir.

Bu gün informasiya cəmiyyətində əhalinin əksəriyyətinin fəaliyyəti informasiyadan istifadə imkanının olmasına əsaslanır. İnformasiyadan sərbəst istifadə zənginliyə aparan yol kimi qiymətləndirilir. Lakin buna baxmayaraq ölkəmizdə mövcud problemlər üzə çıxarılmalı, onların həlli yolları araşdırılmalıdır. Belə ki, elektron kitabxanaların sayının çoxaldılması, istifadəsinin asanlaşdırılması üçün müəyyən tədbirlər görülməldir. Elektron kitabxanaların saytlarında forumlara daxil olan şəxslər ona həmfikir olan yeni dostlar qazanır. Forumlar və qonaq kitabçaları canlı görüşməyi tələb etmir və inkoqnitonu (gizliliyi) saxlayır. Məsələn, bu uşaqlar üçün daha əhəmiyyətlidir. Eyni zamanda onlar uşağa öz gücünü qiymətləndirmək və özündə nələrisə dəyişməyə başlamaq imkanı yaradır. İnternetdən istifadə edən uşaq məktəbdə eşitmədiklərini öyrənmək, öz-özünün təhsilini artırmaq imkanı qazanır. Bu hansısa nadir və ya geniş yayılmamış xarici dil, məktəb dərsliklərində olmayan qabaqcıl biliklər də ola bilər və s. Yəqin ki, bu uşağın İnternetdən ala biləcəyi ən əsas faydadır. Nəhayət estetik funksiya öz yeni təcəssümünü tapmışdır. Uşaq bir neçə interaktiv muzey və sərgiləri gəzəndən və müvafiq proqram məhsullarını mənimsəyəndən sonra özü də öz əsərlərini yaradıb internətə yükləyə bilər. Bu gün ölkəmizdə uşaqların elektron kitabxanaları yox dərəcəsindədir. Uşaqlar məhz o veb səhifəyə daxil olub öz sevdiyi müəlliflərlə tanış olsun, onların həyat və yaradıcılığı haqqında biliklər əldə etməklə, əsərlərini oxuyub mütaliə etsin.

Ümumiyyətlə, yaşadığımız dövrü internetsiz təsəvvür etmək mümkün deyil. İnternet resursları insanların vaxtına qənaət etməklə gündəlik həyatlarını daha da asanlaşdırmağa xidmət edir. Məktəblilər tədris və əyləncə vaxtlarını daha çox internet məkanında keçirməyə üstünlük verdiyindən internetdə faydalı resurslarla yanaşı şiddət, zorakılıq, narkotik vasitələr, pornoqrafiya, qumar oyunları, radikal ekstremizm və dini məzhəbçilik veb saytlarıyla rastlaşırlar. Bundan əlavə internet şəbəkəsində yayılan “mavi balina” və oxşar oyunların yayılması uşaqların həyatını təhlükəyə atır. Bu kimi neqativ təsirlər onların psixikası və tərbiyəsinə də təsirsiz ötüşmür. Problemin əsası isə valideynlər baş verən mənfi proseslərə nəzarət edə bilmir.

İnternet məkanında çox təhlükəli mənbələr açıq şəkildə yəni hamıya əlçatan vəziyyətdədir. Valideynlər çox zaman uşaqlarının internetdən ancaq tədris üçün istifadə etdiklərini düşünürlər. Amma dünya üzrə verilən statistikalardan görünür ki, uşaqlar internetdə daha çox yəni 45 % pornoqrafik veb resurslarla, 40% pedofillərlə, 15 % isə tanımadıqları adamlarla rastlaşırlar ki, sonradan onlara həmin şəxslər tərəfindən görüş təyin olunur. Yaxud tanımadıqları səxslər uşaqların vasitəsilə asanlıqla ailəyə məxsus məlumatları ələ keçirirlər. Təhlükəli “Mavi balina” oyunu keçən il ərzində 130 nəfər uşağı intihara təhrik edib. İnternetdə bu tip oyunlar çoxluq təşkil edir. Bu oyunlardan başqa aqressivliyi təbliğ edən oyunlar da mövcuddur ki, bu oyunların iştirakçılarında psixoloji pozğunluqlar yaranır.

İnternet şəbəkəsinin sürətlə böyüməsi və bir sıra insanlarda asan varlanmaq üsullarından yararlanmaq cəhdləri problemin daha da kəskinləşməsinə gətirib çıxarır. Dünyada daha çox insan qanunsuz yollarla öz gəlirlərini artırmaq məqsədi ilə aktiv olaraq internetdən istifadə edirlər.

Axtarış sistemlərindən istifadə edərkən uşaqlar təhlükəli informasiyalarla rastlaşa bilərlər.

Bütün yuxarıda sadalanan neqativ halları aradan qaldırmaq üçün internetə qoşula bilən avadanlıqlarda və proqram təminatlarında “valideyn nəzarəti” adlı funskiyalar mövcuddur. Bu funksiyanın mövcudluğu barədə valideynlərin maarifləndirilməsinə ehtiyac vardır.

Yeni yaradılmış Azərbaycan dilli veb resursda bütün internet təhlükələr barədə məlumatlar, avadanlıq və brauserlərdə valideyn nəzarətinin quraşdırılması təlimatları və videoları yerləşdirilib. Veb resursda təhlükəli saytlara girişi əngəlləyən pulsuz və pullu proqram təminatları və onlardan düzgün istifadə üsulları qeyd edilib.

21 sentyabr 2019-ci il tarixində “Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilib. Layihənin rəhbəri İKT üzrə mütəxəssis Samir Həsənovdur. Ümumiyyətlə, bu cür saytların sayının çoxaldılması, funksiyalarının genişləndirilməsi dövlətin diqqət mərkəzində olmalıdır.

Apardığım araşdırmalar nəticəsində məlum olur ki, əsas problem saytlarda ödəniş sisteminin qurula bilməməsidir. Başqa ödəniş sistemləri qoşanda isə maddi cəhətdən 50%-ə qədər itki olur. Məsələn, mən kitab ticarəti şəbəkəsi yaratmışam. Burada mən həm də sayt yaradıram, onlayn satış həyata keçirmək üçün mütləq gedib “Millikart”la və ya “Azərikart”la müqavilə imzalamalıyam. Bu İnternetdə yaradılan onlayn mağazalar üçün vahid ödəniş sistemi qurulmalı və cüzi faiz müəyyən edilməlidir. Məsələn, kitab satışı üçün ümumiyyətlə, faiz tutulmasın. Bu təbii ki, mənim şəxsi fikrimdir, kitaba ilk növbədə təhsil mənbəyi kimi baxmaq lazımdır, gəlir mənbəyi kimi deyil. Bu məqsədlə istənilən saytı yaradan şəxs o müqaviləni bağlayıb, başlasın fəaliyyət göstərməyə, yəni kitab satışını həyata keçirməyə. Onsuz da vergi və DSMF ödəniləcək. Bunlardan yayınmaq mümkün deyil. Mövcud vəziyyət məcbur edir ki, sayt sahibi dolayı yollarla xarici kart əldə etsin və PayPalla işləsin. Bu isə əldə edilən gəlirin PayPala getməsinə səbəb olur. Bunun üçün dövlət tərəfindən  ödəniş qaydası, ödəniş mexanizmi dəyişdirilməlidir. Bu tip xərc etməyən işləri Təhsil Nazirliyi edir. Prosesi daha səmərəli tənzimləmək üçün dövlət tərəfindən dəstək ayrılsa təbii ki, digər yeni startaplar meydana çıxar. Götürək, daha çox istifadə etdiyimiz Rusiya saytlarını. Onlayn kitab ticarəti ilə məşğul olan saysız-hesabsız saytlar olduğunun şahidi oluruq. Dəfələrlə, özümə lazım olan kitabları onlayn sifariş vermişəm və ya sayta daxil olub, kitabı elektron formada almışam. Məsələn, nümunəyə baxaq:

https://books.google.az/books/about/The_Nagorno_Karabakh_Conflict.html – bu qeyd etdiyim saytda elektron formada kitabı almazdan əvvəl 13 səhifə kitabla tanış olmaq üçün  oxumağa da icazə verirlər. Kitabın annotasiyası da, dolğun, kitab haqqında tam təsəvvür yarada biləcək formada hazırlanır. Əlbəttə ki, bu kimi məsələlər kitab oxucusunu və alıcısını cəlb etmək üçün düşünülmüş şəkildə yaradılıb. Oxucu və ya alıcı kitabı almazdan əvvəl onun haqqında ətraflı məlumat əldə edə bilsin, belə ki, bəyəndi alsın, bəyənmirsə başqa kitabla maraqlansın.

Azərbaycanda isə barmaqla sayılacaq bir neçə sayt var ki, sifariş qəbul edirlər. Təbii ki, bu saytlar da tam funksional deyillər.

Respublikamızda təkcə onlayın satış təşkil edən saytlarda deyil, bütövlükdə elektron kitablarla bağlı kitabxana saytlarının, kitab satış mərkəzlərinin hamısında ciddi problemlər var. Fikrimi aydınlaşdırmaq üçün nümunələr üzərində izah etməyə çalışmaq istəyirəm.

Məsələn, baxaq M.F.Axundov adına dövlət kitabxanasının saytına: http://web2.anl.az:81/read/page.php?bibid=119758&pno=5 Bu kitab “Heydər Əliyev və dil siyasəti” kitabıdır. Burda nədir problem? Deməli, kitabın səhifələri elektrona elə vəziyyətdə çevrilib ki, şəkil kimi qoyulub və demək olar ki, oxunmaz haldadır. Bu işçilərin tənbəllik edib və ya məsuliyyətsizlik edib kitabın səhifələrini elektron mətnə çevirməməsi ilə izah oluna bilər.  Həmçinin mətnin şrifti ümumi şəkildə işlənməli, başlıqları da işlənməli, oxunaqlı olmalı, istifadəsi yararlı vəziyyətə gətirilməlidir.  Bu cür misallar çoxdur, nümunə üçün də təqdim edə bilərik.

Bunun üçün kitabın səhifəsini skan edəndən sonra, proqram vasitəsilə skan olunmuş səhifə mətnə çevrilir. Daha sonra isə redaktor tərəfindən mətn korreksiya edilir və vörd proqramında dizayn qurulur. Bu ən çox ona görə lazımdır ki, PDF kiçik ölçüdə açılsın və həm də rahatlıqla, asan formada açılsın.

2019-cu ilin sonlarından Çində başlanan karonavirus savaşı 2020-ci ilin əvvəllərindən demək olar ki, bütün dünyanı bürüdü. Bu cür çətin dövrdə bütün sahələrdə, xüsusilə təhsil sahəsində çox geriləmələr baş verdi. Orta məktəblərdə, ali təshil müəssisələrində dərslər dayandı. Təhsil sahəsində yaşanan ən böyük problem isə tədris kitablarının elektron formada əldə olunmasında oldu. Microsoft Teams aləti Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən çətinliklə də olsa işə salındı. Lakin elektron tədris vəsaitlərində çatışmazlıqlaq duyulmaqdadır. Post-pandemiya dövründə distant təhsildən daha çox istifadə ediləcək. Bu da öz növbəsində elektron dərs vəsaitlərinə (dərsliklər, metodik göstərişlər, proqramlar, rəhbər vasitələr və s.) böyük tələbat yaradacaq.

Hər il yeni dərsliklər, dərs vəsaitləri çapa imzalanır. Lakin bununla bərabər, elektron nəşrlərin çapı ilə bağlı hansı işlər görülür? Mən təklif edərdim ki, hər bir universitet nəşriyyatlarında və ya dövlət və özəl nəşriyyatlarda elektron nəşrlərin hazırlanması ilə bağlı şöbələr yaradılsın. Həmçinin elektron nəşrlərin hazırlanması üçün redaktorlar yetişməlidir. Bunun üçün təhsil olduqca vacibdir. Bakı Dövlət Universitetində Kitabxanaçılıq informasiya fakültəsində “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasında nəşriyyat redaktorları hazırlanırdı. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 11 fevral, 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) tənifatı”nda əvəllər mövcud olmuş 050205 “Kitabşünaslıq” ixtisası siyahidan çıxarılmışdır. Amma yaşadığımız karonavirus dönəmi də bir daha sübut etdi ki, bu sahəyə böyük ehtiyac var, bu sahəni inkişaf etdirmək, məhz bu problemin həlli ilə bağlı yeni-yeni layihələr işləyib hazırlamaq lazımdır.

Təbii ki, həmçinin elektron nəşrlərlə bağlı dövlət tərəfindən əlverişli mexanizmlər işlənib hazırlanmalı, cəmiyyətin istifadəsi üçün şərait yaradılmalıdır. Məsələn, uçuşlar üçün, uzaq səfərlər üçün yolda rahat oxuna biləcək, elektron mikro nəşrlər də hazırlamaq olar. Təyyarədə sərnişinlərə təklif olunan kinolar, musiqilər əvəzinə, istədiyin kitabı telefonunun yaddaşına, planşetinə və s. köçürə və bütün yol boyu sevdiyin əsərlə tanış ola bilərsən. Bu cür elektron nəşrlərin həyata keçirilməsi üçün ixtisas redaktorlarına da böyük ehtiyac duyulmaqdadır. Məhz bu cür ixtisas redaktorlarının hazırlanmasına dövlət maraqlı olmalıdır. Apardığım araşdırmalar nəticəsində məlum olur ki, nəşriyyatlarda əksər redaktorlar ixisasçı deyillər. Məsələn, müxtəlif sahələr üzrə təhsil alan şəxslər redaktor kimi fəaliyyət göstərirlər. Bu məsələ ilə də bağlı artıq düşünmək vaxtı gəlib çatmışdır.

İnformasiya texnologiyalarının sürətli inkişafı bir daha sübuta yetirir ki, elektron kitablara olan tələbat ənənəvi kitablara olan tələbatla eyniləşməkdədir. Bunun üçün bir neçə əlverişli tədbirlərin görülməsində öz təklif və tövsiyələrimizi irəli sürə bilərik:

  1. Elektron kitabxanaların yaradılması: uşaqlar üçün; gənclər üçün; orta yaşlı nəsil üçün; ixtisasçılar üçün və s.;
  2. Sayt növləri üçün internet mexanizmlərinin işlənib hazırlanması: bunlar ən çox nəşriyyatların internet saytlarının yaradılmasıdır ki, çap olunan kitabları elektron nəşrlər kimi almaq mümkün olsun;
  3. Uşaqlar üçün nəzərdə tutulmuş saytların yaradılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət tərəfindən nəzarətə alınması və maliyyələşdirilməsi;
  4. Ən əsasi da bütün yuxarıda qeyd edilən mövcud problemlərin həlli üçün nəşriyyat redaktorlarının hazırlanması;
  5. Azərbacyan Respublikasında fəaliyyət göstərən bankların PayPal sisteminə qoşulması veb ustaların ödəmə sistemlərindən istifadəsini daha da asanlaşdırılması; Bununla da online satışın artırılması; Eləcə də Azərbaycan mallarının internet vasitəsilə satışını artırılması;
  6. Yaşadığımız İnternet əsrində insanların kitabxanaları gəzib axtarıb tapmaq və eləcə də oxumağa asudə vaxtları az olduğu üçün audio kitabların hazırlanmasına diqqətin artırılması; Təbii bununla da insanlar öz işlərini davam etdirərək audio kitablar vasitəsilə maariflənməyə davam edə bilərlər;
  7. Post-pandemiya dövründə distant təhsil daha da inkişaf edəcəkdir. İxtisas kitabların elektron versiyasının yaradılmasına böyük tələbat yaranacaqdır. Bunun üçün müəyyən dövlət tədbirlərin həyata keşirilməsi.

Sonda isə onu qeyd etmək istəyirəm ki, bu gün Avropa ölkələrində bütün elektron nəşrlərin üzərində bir şüar var – “Çap etməzdən əvvəl təbiəti düşün!”. Bu son dövrlərdə baş verən qlobal, geniş miqyaslı ekoloji problemlər: meşə yanğınları (Avsraliya və Rusiyada), Antraktidada buz örtüyünün əriməsi, qlobal istiləşmə və s. bəşəriyyəti daha dərindən düşündürməldir. Bir tədqiqatçı kimi bu şüarın həqiqətən böyük məna kəsb etdiyini deyə bilərəm.

Ümumiyyətlə, dövlətə, cəmiyyətə ziyan vuracaq kitabları yox, həqiqətən lazımlı, gərəkli kitablar (istər elektron, istərsə də ənənəvi) çapa imzalanmalıdır. Bunun üçün cəmiyyəti və təbiəti düşünmək vacibdir.

Abasova Leyla Qabil qızı
Tarix üzrə fəlsəfə doktoru

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin