“Sophos” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçıları “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün akkumulyatorun enerjisini sürətlə boşaldan zərərli proqram aşkarlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Google Play” mağazasının bir neçə servisində aşkar edilən zərərli proqram təminatı “Andr/Clickr-AD” adlanır. Yoluxdurulmuş əlavələrin daxilində reklam saytlarına keçidləri generasiya edən və əlavənin işə salınıb-salınmamasından asılı olmayaraq işləyən kliker quraşdırılıb. Daimi aktivlik akkumulyatorun enerjisinin tez tükənməsinə səbəb olub və nəticədə təxminən 2 milyon dəfə yüklənən 20-dən çox proqram yoluxdurulub.
Məlumata görə, cinayətkarlar öz proqramlarını reklamçılar üçün “iOS” əlavəsi kimi qələmə veriblər ki, bu da onlara gəlirləri artırmağa imkan verib. Hazırda yoluxdurulmuş proqramlar “Google Play” mağazasından silinib.
Ekspertlər tərəfindən antiviruslardan istifadə tövsiyə edilib, zərərçəkənlərə isə zavod quraşdırılmasını bərpa etmək təklif olunsa da, bu üsuldan istifadə zamanı saxlanılan informasiyanın ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.